Büdcə layihəsi hazırlanan zaman qlobal miqyasda baş verən tənəzzül və böhranlar, neftin dünya bazarında qiyməti, həmçinin ölkədaxili göstəricilər nəzərə alınıb.
Eləcə də bax: İcbari Tibbi Sığorta Fondunun 2027-ci ilə kimi büdcə gəlirləri - AÇIQLANIB
FED.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclisin komitələrinin birgə iclasında deyib.
Nazir bildirib ki, təqdim olunmuş dövlət və icmal büdcələrinin layihələri ölkə Prezidentinin sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qarşıya qoyulan hədəflərə uyğun hazırlanıb.
Maliyyə naziri deyib ki, 2023-cü il üçün büdcə xərclərinin 24,2 faizi və yaxud 8 milyard 63 milyon manatı müdafiə və hüquq-mühafizə xərclərinə yönəldiləcək. Əsaslı xərclərin 3 milyard manatı işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə, Böyük Qayıdışın təmin edilməsinə, infrastrukturun qurulmasına və digər tədbirlərə sərf olunacaq.
Samir Şərifov büdcədən sosialyönümlü xərclərə 2023-cü ildə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulduğunu qeyd edib. Bu, 2022-ci illə müqayisədə 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur.
Səhiyyə xərclərinin son dövrlərdə artdığını qeyd edən maliyyə naziri şəkərli diabet və xərçəng xəstəliklərinin müalicəsi üçün büdcədən 106 milyon manat vəsait ayrılması nəzərdə tutulur. (Azərtac)