Səhiyyə nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzi (UBMM) 2014-ci ildən ölkə başçısının sərəncamı ilə əsaslı təmir olunduqdan sonra öz iş fəaliyyətini davam etdirir. Səhiyyə Nazirliyi tərəfindən müasir reablitasiya avadanlıqları, fizioterapevtik cihazlarla təmin olunmuş mərkəzdə iki şöbə: bərpa-müalicə, fizioterapiya və tibbi bərpa şöbəsi, həmçinin klinik diaqnostik laboratoriya fəaliyyətdədir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, mərkəzdə bərpa müalicəsinə ehtiyaci olan 18 yaşına kimi uşaqlar çoxprofilli, yüksək dərəcəli ixtisaslaşdırılmış müalicə kursu keçirlər. Xəstələr mərkəzə sahə poliklinikaları tərəfindən göndərilirlər.
UBMM-də müalicə alan uşaqların 40%-i sinir sistemi xəstəliklərindən, 30%-i dayaq hərəkət sistemi xəstəliklərindən, 20%-i yuxarı və aşağı tənəffüs sistemi xəstəliklərindən, 10%-i müxtəlif xəstəliklərdən əziyyət çəkirlər.
2015-ci Mərkəzə (ilk dəfə müraciət etmiş) 98 xəstə daxil olmuşdur, halbuki 2016-cı ilin ilk 6 ayı ərzində bu göstərici 88 xəstə təşkil etmişdir. UBMM-ə daxil olmuş xəstələr Mərkəzdə qeydiyyata götürülür və hər iki aydan bir müalicə kursu keçirlər.
2015-ci ilin ilk 6 ayı ərzində UBMM-ə ümumi gəlişlərin (ilk və növbəti gəliş) sayı 19661 təşkil edirdisə, 2016-cı ilin 6 ayı ərzində bu rəqəm 20612 çatmışdır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014 – 2020 ci illər üzrə Strateji Planına əsasən uşaqlıq dövrünə xas olan əlilliyin profilaktikası və müalicəsi sahəsində aparılan işlər sayəsində UBMM–nə müraciət edən 1 yaşına qədər olan uşaqların sayının əvvəlki ilə nisbətdə 40% artması müşahidə olunur.
Uşaq Bərpa Müalicə Mərkəzində uşaqlar xüsusi prinsiplərlə müalicə kursu keçirlər. Bu reablitasiya kursu müalicənin mümkün tez başlanılmasına, hər bir xəstəyə fərdi yanaşmaya və çox mərhələli, uzun müddətli bərpa-müalicəsinin təşkil edilməsinə əsaslanır. Mərkəzə gələn hər bir xəstə, yaşını, xəstəliyin ağırlıq dərəcəsini, yanaşı olan xəstəlikləri nəzərə alaraq fərdi reablitasiya kursu keçir. Mərkəzdə xəstələr il ərzində 3-6 mərhələ də bərpa müalicə kursu keçirlər.
Burada valideynlərlə də iş aparılır. Valideynlərə xəstə uşağın sağlamlığının bərpası qarşısında məsuliyyət hissini formalışdırmağa, onların bu prosesdə aktiv sürətdə iştrakına səy göstərilir. Valideynlərlə aparılan maarifləndirmə tədbirlərindən biri kimi Səhiyyə Nazirliyi və Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Uşaq Bərpa Müalicə Mərkəzində keçirilən “Günəş hamı üçündür” adlı maarifləndirmə layihəsini qeyd etmək olar. Layihədə Mərkəzdə müalicə olunan sağlamlıq imkanları məhdud olan uşaqlar və valideynlər iştirak etmişdilər.
Mərkəzdə müalicə olunan xəstələr və onların valideynləri ilə media nümayəndələri arasında dəyirmi masa təşkil olundu. Bu tədbirdə valideynlər səhiyyə sahəsində həyata keçirilən köklü islahatlar, əldə olunan pozitiv dəyişikliklərə görə səhiyyə sisteminə minnətdar olduqlarını bildirdilər.
Uşaq Bərpa Müalicə Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların fiziki reabilitasiyası ilə yanaşı bu uşaqların dolğun həyat yaşamasına və sosial adaptasiyasına da çox önəm verilir. Belə ki, mərkəzdə təşkil olunmuş art terapiya (rəsm terapiyası) kursu keçən xəstələr bu il Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-sərgi kompleksində “Mənim rəngli dünyam” adlı sərgisində iştirak ediblər. Əlində fırça tuta bilməyən xəstələr barmaqlarını rəngə batıraraq yaratdıqları rəsmlərdə onlar öz arzularını əlvan rənglərin köməkliyi ilə təsvir etmişdilər. Belə rəsm və rəng terapiyası uşaqların psixoloju reablitasiyasına və onların sosial adaptasiyasına və inteqrasiyasına kömək edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Uşaq Paraolimpiya komitəsinin dəstəyi ilə mərkəzdə boçço oyunu üzrə dərnək təşkil edilib. Xəstələrin bütün bu nailiyyətləri uşaqlara gələcək həyata inam hissinin aşılanmasında və həyata adaptasiyasına böyük kömək edir.
Sağlamlıq imkanları məhdud olan uşaqlar ixtisaslaşdırılmış müalicə kursları keçirlər
11:17
1 Sen 2016