Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupunun fəaliyyəti çərçivəsində “Sağlamlaşdırma və müflisləşmə haqqında” yeni qanun layihəsinin hazırlanması üzrə tematik qrupunun hibrid formatda növbəti iclası keçirilib.
FED.az xəbər verir ki, xəbər verir ki, bu barədə işçi qrupuna rəhbərlik edən Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, iclasda qurumla yanaşı İqtisadiyyat Nazirliyi, həmin nazirlik yanında Dövlət Vergi Xidməti, Azərbaycan Mərkəzi Bankı, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nümayəndələri iştirak edib.
Tematik qrupun rəhbəri, Ədliyyə Nazirliyinin Qanunvericilik Baş idarəsinin rəis müavini Səkinə Əliyeva iclası açıq elan edərək, biznesin müflisləşməsi sahəsində beynəlxalq ekspertin cəlb edilməsi ilə hazırlanmış yeni “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsinin yekunlaşdırılması məsələsinin müzakirə ediləcəyini qrup üzvlərinin diqqətinə çatdırıb.
Müzakirə zamanı yeni qanun layihəsinin çox geniş və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış əhatəli sənəd olduğu vurğulanıb.
Sözügedən normativ-hüquqi aktın qanunvericilik tələblərinə və milli hüquq ənənələrinə uyğunlaşdırılması üçün Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsi tərəfindən hər bir maddəyə baxılmasının vacibliyi bildirilib.
Sonda tematik qrupun növbəti iclasda Ədliyyə Naziriliyinin Qanunvericilik baş idarəsinin qanun layihəsinə müvafiq düzəlişlər etdikdən sonra sənədə baxması və “Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Biznesin müflisləşməsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə” Yol Xəritəsində qeyd olunmuş digər məsələlərin müzakirəsinin həyata keçirilməsi barədə qərar verilib.