Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən zəruri tədbirlər davam etdirilir.
Eləcə də bax: Rusiyanın qadağaları Azərbaycanın pomidor şirkətlərinə - 40 Milyon Dollar Zərər Vurub
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, AQTA və Rusiya Federasiyası Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında aparılan mütəmadi danışıqlar, ikitərəfli ticarət məsələlərinin həllində konstruktiv dialoqun genişləndirilməsi və ölkəmizin fitosanitar nəzarət sisteminə yaranmış etimad öz müsbət nəticəsini verməkdədir.
Belə ki, Agentliyin əməkdaşları tərəfindən pomidor və alma yetişdirən müəssisələrdə aparılan fitosanitar monitorinqlərin nəticələri, məhsullardan götürülmüş nümunələrin laboratoriya sınaq protokolları və monitorinq aktlarının təhlili və AQTA-nın zəmanəti əsasında "Rosselxoznadzor" tərəfindən 2021-ci il 6 dekabr tarixindən etibarən daha 7 müəssisədən pomidor, 5 müəssisədən isə alma ixracına icazə verilib. Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 212 pomidor, 76 alma istehsalı müəssisəsindən məhsul ixracına icazə verilib.
Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 364,373 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 202.4%-ni təşkil edir. Həmçinin Rusiya Federasiyasına alma ixracına icazə verilmiş 76 müəssisənin ixrac potensialı 161,787 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 66924 ton alma məhsulunun 241.7 %-i həcmindədir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Rusiya Federasiyası Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə əməkdaşlığın inkişafında göstərdiyi peşəkar münasibətə, ölkəmizdə fəaliyyət göstərən bitkiçilik təsərrüfatlarında ötən dövr ərzində rusiyalı mütəxəssislərin iştirakı ilə aparılan birgə monitorinqlər və bu təsərrüfatlara verdiyi dəstəyə görə təşəkkürünü bildirir. AQTA bundan sonra da Rusiya Federasiyasının müvafiq qurumu ilə sıx əməkdaşlığını davam etdirəcək.