"Rosselxoznadzor” Rusiya alıcıları üçün nəzərdə tutulmuş toyuq ayaqlarının sertifikatlaşdırılmasının 24 aprel 2023-cü il tarixindən etibarən dayandırılması xahişi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət edib.
"Sunaz” MMC-nin ölkəyə gətirdiyi toyuq ayaqlarında bakteriya tapıldı - 23 TON MƏHSUL YANDIRILDI
FED.az “Rosselxoznadzor”a istinadən xəbər verir ki, xidmət qeyd olunan tarixdən etibarən sözügedən məhsulun Rusiya ərazisindən tranzitinə qadağa qoyur.
“Məhdudiyyətlərə səbəb Azərbaycanın “Sunaz” quşçuluq müəssisəsi tərəfindən yüksək patogen quş qripi ocağında yerləşən İran təşkilatından toyuq ayaqlarının göndərilməsi barədə quruma məlumatların daxil olmasıdır. “Sunaz” şirkəti 2023-cü ilin ötən dövründə Rusiya ərazisindən tranzitlə Belarus Respublikasına 1 min tondan çox toyuq ayağı göndərib”, - deyə məlumatda vurğulanır.
Bu cür tədbirlər tədarük olunan məhsulların Azərbaycan mənşəli olduğunu, bioloji və qida təhlükəsizliyini təsdiq edən sənədlər “Rosselxoznadzor”a təqdim edilənə qədər qüvvədə olacaq. (İnterfaks-Azərbaycan)