Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Qazaxıstan Respublikasının Karağandı vilayətində və Tunis Respublikasının Ben-Arous inzibati ərazi vahidində dabaq, Xorvatiya Respublikasının Oseçko-Baranska inzibati ərazi vahidində və Polşa Respublikasının Lyubelinsk inzibati ərazisində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
FED.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Qazaxıstan Respublikasının Karağandı vilayətindən və Tunis Respublikasının Ben-Arous inzibati ərazi vahidindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Xorvatiya Respublikasının Oseçko-Baranska inzibati ərazi vahidindən və Polşa Respublikasının Lyubelinsk inzibati ərazisindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Qazaxıstan, Tunis, Xorvatiya və Polşa respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.