Səhiyyə nazirinin müavini keyfiyyətsiz dərmanlar məsələsinə aydınlıq gətirib
Nazir müavini dərmanların digər ölkələrlə müqayisədə baha olmasına - MÜNASİBƏT BİLDİRİB
FED.az xəbər verir ki, səhiyyə nazirinin müavini Rasim İsmayılov keyfiyyətsiz dərmanların ölkəyə necə gətirildiyinə aydınlıq gətirib.
Milli Məclisin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin səhiyyə nazirinin müavini bildirib ki, birincisi, bu, bioloji fəallığa malik qida əlavələri ilə bağlıdır.
Rasim İsmayılov qeyd edib ki, onların hər hansı xəstəliyin müalicəsində təsiri bəzi hallarda azdır, bəzi hallarda isə ümumiyyətlə təsir etmir: “Bu da vətəndaşda fikir yaradır ki, dərmanlar keyfiyyətsizdir. İkincisi, şəxsi istifadə üçün gətirilən dərmanlar da hamısı şəxsi məqsəd üçün gətirilmir. Bəzi hallarda bu, şəxsi maraq üçün gətirilir və satışı təşkil edilir. Bu, çox ciddi məsələdir. Bununla bağlı həm Gömrük Komitəsi, həm də AQTA ilə birlikdə işlər görülməlidir”.
Spiker Sahibə Qafarova nazir müavininin bəzi hallarda şəxsi məqsədlər üçün gətirilən dərmanlar apteklərə satılması ilə bağlı çıxışına toxunub: “Bununla bağlı apardığınız işlərlə bağlı Milli Məclisə və Səhiyyə komitəsinə məlumat verilsin. Siz qeyd etdiniz ki, bununla bağlı mübarizə tədbirləri görülür”. (Apa)