Xidmətlər Zərfinin daha geniş və həkimlər tərəfindən istifadəsinin daha rahat olması üçün müəyyən dəyişikliklər planlaşdırılır.
Azərbaycanda evdə müalicə olunanlara dərmanlar pulsuz veriləcək - TƏSDİQLƏNDİ
FED.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva deyib.
O qeyd edib ki, bu məqsədlə müxtəlif ixtisaslı həkimlərlə silsilə ictimai müzakirələr aparılır.
“Öncədən Səhiyyə Nazirliyinə, TƏBİB-ə, o cümlədən həkimlərin birləşdiyi ictimai birliklərə və assosiasiyalara müraciət etmişik ki, hər ixtisasa uyğun məsləhət gördükləri həkimləri bu prosesə cəlb etsinlər. Bu prosesdə bir çox həkimlər iştirak edir, bizim təklif etdiyimiz dəyişikliklərlə tanış olub öz təklif və tövsiyələrini verirlər. Onu da qeyd edim ki, icbari tibbi sığorta ilə tibbi xidmətlər (XBT-9) Xəstəliklərin Beynəlxalq Təsnifatının 9-cu baxışı (Proseduraların Təsnifatı) üzərindən tənzimlənərək göstərilir. Proqram təminatında bu kodlar tətbiq edildiyi üçün dəyişikliklər mövcud XBT-9 kodları üzərindən olunub.
Biz kardiocərrahlarla, kardioloqlarla, neyrocərrahlarla ictimai müzakirə keçirdik. Qarşıdakı günlərdə bir neçə digər ixtisas həkimləri ilə görüşlər olacaq. Bu görüşlərdə xüsusilə tibbi sərflərin istifadəsinə və tariflərə nəzər yetirəcəyik.
Bildiyiniz kimi, tibb çox sürətlə inkişaf edir və hər dəfə yeni müalicə metodları, cərrahi müdaxilələr tətbiq edilir, köhnə xidmətlər aktuallığını itirir. Ona görə də mütəmadi olaraq, Xidmətlər Zərfini yeniləməli və dəyişikliklər etməliyik. Bu istiqamətdə işlər gedir. Gələcəkdə icbari tibbi sığortanın təminatına həm dərmanların, həm də bir sıra yeni tibbi xidmətlərin salınması nəzərdə tutulub”, – deyə o bildirib.
Xidmətlər Zərfinin tətbiq edildiyi xəstəxanalar
Departament rəhbəri bildirib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfində 3315 tibbi xidmət var.
“İcbari tibbi sığortanın qarşıladığı bu xidmətlər vətəndaşlara ödənişsiz təqdim olunur. Vətəndaşlar poliklinika və Ailə Sağlamlıq Mərkəzlərinə qeydiyyat ünvanı üzrə müraciət etməlidir. İxtisaslaşdırılmış tibbi xidmətlərdən istifadə etmək üçün vətəndaş yaşayış və qeydiyyat yerindən asılı olmayaraq, yalnız şəxsiyyət vəsiqəsi ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə, eləcə də, Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi-tədqiqat institutu və mərkəzlərinə yaxınlaşa bilər. Bu xəstəxanalarla bağlı Agentliyin saytında (its.gov.az) geniş məlumat yerləşdirilib. Əgər bu xəstəxanalarda hər hansı bir səbəbdən vətəndaşa xidmət göstərilməsi mümkün olmursa, bu zaman ona Agentliklə müqaviləsi olan xəstəxanaya göndəriş verilir”.
Xidmətlər Zərfində təminata alınan tibbi xidmətlərdə sığorta limiti
Nərgiz Ağayeva məlumat verib ki, sığorta limiti təqvim ili müddəti ərzində vətəndaşa icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin say həddidir.
“Vətəndaşlar Xidmətlər Zərfinə daxil olan xidmətlərdən tibbi göstəriş olduqda, limitsiz şəkildə yararlana bilərlər. Limit yalnız fizioterapiya və orqan transplantasiyası xidmətlərinə aiddir.
Xidmətlər Zərfində 77 fizioterapiya xidməti var. İl ərzində vətəndaşlarımız icbari tibbi sığorta ilə fizioterapiya xidmətləri üzrə tibb müəssisəsinə 30 dəfə müraciət edə və hər bir müraciət zamanı 3 xidmətdən artıq olmamaq şərtilə istifadə edə bilərlər. Əvvəlki Xidmətlər Zərfində bu say 10 dəfə idi.
Əlavə olaraq, qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üçün sığorta limiti tətbiq olunur.
Bu xidmətlərin hər biri üçün ölkə üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən edilib. Bu limitlərin formalaşması əhalinin tələbinə uyğun formalaşdırılıb. Hazırda ilin sonuna yaxınlaşırıq və limitlər dolmayıb. Bu isə onu göstərir ki, limitlərin sayı yetərlidir. Əgər tələb çoxalarsa, limitlərin artırılmasına baxıla bilər.
Xidmətlər Zərfində koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatına da limit tətbiq edilirdi. Ötən ildən etibarən artıq bu xidmətlərə tətbiq olunan limitlər aradan qaldırılıb”.
Sağlamlıq haqqında arayışın Xidmətlər Zərfinə salınması
N.Ağayeva vurğulayıb ki, vətəndaş yalnız tibbi göstəriş, yəni sağlamlıqla bağlı şikayəti olduğu halda, icbari tibbi sığorta hesabına, ödəniş etmədən tibbi müayinədən keçə bilər. (Trend)