“Qırmızı körpü” qida təhlükəsizliyinə nəzarət məntəqəsinin tikintisi başa çatdırılıb və yaxın zamanda fəaliyyətə başlaması planlaşdırılır.
Qoşqar Təhməzli: "Azərbaycanın kürü məhsullarının Avropa İttifaqı ölkələrinə ixracı imkanı yaranıb"
FED.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Bakıda “Qida nəzarəti sisteminin qiymətləndirilməsi” mövzusunda keçirilən yekun hesabat görüşündə bildirib.
O qeyd edib ki, qanunvericilik bazasının möhkəmləndirilməsi ilə yanaşı, Agentlik ölkə üzrə müvafiq nəzarət və tənzimləmə sistemi formalaşdırıb, bu istiqamətdə aktual və məqsədyönlü tədbirlər həyata keçirməkdədir: "İdxal və ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarətin həyata keçirilməsinə ciddi önəm veririk. Bu məqsədlə “Qırmızı körpü” qida təhlükəsizliyinə nəzarət məntəqəsi fəaliyyətə başlayacaq. Eyni zamanda “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan-İran sərhədində, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun Ağbənd qəsəbəsində qida təhlükəsizliyinə nəzarətin təmin edilməsi məqsədilə müvafiq strukturun qurulması nəzərdə tutulur. Yeri gəlmişkən, Agentlik xarici ölkələrdə fəaliyyət göstərən və məhsullarını respublikamıza idxal etmək niyyətində olan qida obyektlərinin təsdiqi prosesini də davam etdirir. Bu vaxtadək 350-yə yaxın xarici qida müəssisəsi təsdiq olunub". (Report)