Orta hesabla 5 milyon vətəndaşa icbari tibbi sığorta çərçivəsində xidmət göstərilir, bu, kifayət qədər böyük rəqəmdir.
İcbari Tibbi Sığorta Fondunun büdcəsi 11 % azaldıla bilər
FED.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Sahil Babayev deyib.
Maliyyə naziri bildirib ki, 2 milyondan artıq muzdla işləyən, sahibkarlıqla məşğul olaraq icbari tibbi sığortanı özü ödəyən vətəndaş var: “Ancaq icbari tibbi sığorta ilə bağlı dövlətin ödədiyi kəsim ciddi şəkildə artıb. Pensiyaçılar, əyani təhsil alanlar, uşaqlar və s. daxil olmaqla, çox geniş kəsim dövlətin öhdəliyindədir. Özü tərəfdən icbari tibbi sığorta haqqını ödəyənlər isə rəsmi şəkildə çalışanlardır. Gəliri olan, öz gəlirini gizlədən şəxslər qeyri-formal məşğuldur. Yalnız onlara nisbətdə icbari sığorta haqqını özlərinin birdəfəlik ödəməsi ilə bağlı tənzimləmə tətbiq edəcəyik. Bu qanunla qadağan olunmuş şəkildə, gəlirlərini gizlədən, qeydiyyatdan yayınan şəxslərdir. Qanunu pozanlar birdəfəlik sığorta haqqını özləri ödəyəcək”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev isə qeyd edib ki, qeyri-formal şəxslər icbari tibbi sığortandan kənar qalsalar da təcili baş verən hadisələrdə icbari tibbi sığortadan yararlana biləcək. (Apa)












