Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Beyləqan rayonu, Dünyamalılar kəndində fəaliyyət göstərən, fiziki şəxs Qaryağdı Təhməzova məxsus süd qəbulu məntəqəsinə baxış keçirib.
AQTA-dan FED.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib.
Belə ki, müəssisədə döşəmənin tamlığının pozulduğu, divar və tavanın sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib. Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb və süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.