Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BTTTYS) 2016-cı il üzrə illik hesabatını açıqlayıb. Stansiyanın baş həkiminin müavini İradə Əliyeva bildirib ki, keçən il ərzində 681 mindən artıq ümumi müraciət daxil olub və bu da ötən illə müqayisədə 36 min çoxdur. Onun sözlərinə görə, təcili yardıma daxil olan müraciətlərə əsasən 63 mindən çox halda xəstə və zərərçəkən xəstəxanalara yerləşdiriliblər. Ötən il ərzində uşaqlar üçün edilən çağırışların sayının 83 mindən çox olduğunu deyən direktor müavini qeyd edib ki, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı 13 mindən artıqdır: “Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2000 nəfərdən çox, miokard infarktı ilə müraciətlərin sayı 1000, hospitalizasiya 940-a yaxın, insultla müraciətlərin sayı 3300, hospitalizasiya 2950, doğuşla bağlı müraciətlərin sayı 3310, hospitalizasiya 3290, avtoqəza zamanı xəsarət alanların sayı 2420, hospitalizasiya 2125-dən artıq olub. Evdə qalan xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib. Ötən il avtoqəza nəticəsində xəsarət alanların sayı 500 nəfər azalıb”.
İ.Əliyeva qeyd edib ki, BŞTTYS bir neçə növ sanitar avtomobillərlə - kütləvi hadisələr zamanı 6 nəfəri birdən daşıya bilən, qarlı-buzlu yollarda hərəkət edə bilən, laborator, reanimasion sanitar avtomobillərlə təmin edilib: “Təcili yardıma müraciətlər arasında daha çox qəfləti yaranan xəstəliklər üstünlük təşkil edir ki, bunlara da ürək-qan damar xəstəlikləri, miokard infarktı, insult daxildir. Uşaqlarda isə hərarət və qıcolmalarla bağlı olur”.
Onun sözlərinə görə, bu il Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq tədbirlərdə tibbi yardım göstərilməsi üçün təlim tədris məşqləri keçirilir və təbirlərə tam hazırlıq işləri aparılır.