İcbari tibbi sığortanın tətbiq edildiyi 59 inzibati ərazi üzrə fəaliyyət göstərən mərkəzi xəstəxanaların və onların struktur bölmələrinin, habelə müalicə diaqnostika mərkəzlərinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim etdikləri ilkin hesabatlara əsasən 2021-ci ilin fevral ayı ərzində 335 561 nəfər sözügedən müəssisələrə ümumilikdə 560 464 dəfə müraciət edib.
Eləcə də bax: İcbari tibbi sığorta bu şəxslərə tətbiq olunmayacaq – Açıqlama
Agentlikdən FED.az-a bildirilib ki, bu müraciətlər üzrə ümumilikdə 1 214 418 tibbi xidmət göstərilib. Tibbi xidmətlərin 1 045 155-i ambulator, 169 263-ü isə stasionar şəraitdə göstərilib. Yanvar ayı ilə müqayisədə fevral ayında müraciət edənlərin sayında 25% artım olub.
Bu ilin fevral ayı ərzində əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına görə ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir şəhəri (449), Şirvan şəhəri (234), Zaqatala rayonu (176), Yevlax rayonu (169), Gəncə şəhəri (164), Qəbələ (158), Ağdaş (152), Qax (143), Göygöl (143) və Xaçmaz (135) rayonları.
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (137 628), Gəncə Birləşmiş Şəhər Xəstəxanası (103 800), Xaçmaz (58 725), Yevlax (58 631), Şəki (40 562), Quba (39 803), Zaqatala (37 327), Ağdaş (35 396), Göyçay (34 520) və Qusar (33 084) rayon Mərkəzi Xəstəxanaları.
Ən çox ambulator xidmət göstərən tibb müəssisələrinin ilk onluğu: Mingəçevir şəhər Mərkəzi Xəstəxanası, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Yevlax, Xaçmaz, Şəki, Quba, Zaqatala, Ağdaş, Göyçay və İsmayıllı rayon Mərkəzi Xəstəxanaları.
Ən çox stasionar xidmət göstərən tibb müəssisələrinin ilk onluğu: Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası, Xaçmaz rayon Mərkəzi Xəstəxanası, Qusar rayon Mərkəzi Xəstəxanası, Şirvan şəhər Mərkəzi Xəstəxanası, Bərdə, Şəki, Quba, Salyan və Göygöl rayon Mərkəzi Xəstəxanaları.
Tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm, sidik-cinsiyyət, tənəffüs, sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, habelə gözün və gözün əlavə aparatının xəstəlikləri, sinir sistemi xəstəlikləri, mamalıq və ginekologiya ilə bağlı olub.
Qeyd olunmalıdır ki, Agentlik tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilmiş tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri (TƏB) yaradılmışdır. Hazırda icbari tibbi sığortanın tətbiqi 11 TƏB-i və Sumqayıt TƏB-ə aid olan Xızı rayonunu əhatə edir.
2021-ci ilin fevral ayı ərzində TƏB-lər üzrə göstərilmiş tibbi xidmət sayına görə ardıcıllıq aşağıdakı kimidir: Bərdə-Yevlax TƏB (267 838), Şəki-Zaqatala TƏB (195 528), Quba-Xaçmaz TƏB (169 896), Gəncə TƏB (141 584), Dağlıq Şirvan TƏB (91 947), Göyçay-Kürdəmir TƏB (90 059), Şəmkir-Tovuz TƏB (62 824), İmişli-Sabirabad TƏB (60 669), Ağdam-Ağcabədi TƏB (55 190), Lənkəran TƏB (44 322), Cəlilabad-Salyan TƏB (33 191) və Sumqayıt TƏB (1 370).
01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən icbari tibbi sığortanın tətbiq edildiyi 59 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 577 600 nəfər təşkil edir.
Qeyd edək ki, 1 aprel 2021-ci il tarixindən etibarən Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan şəxslər icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edəcəklər.