TƏBİB-in Müşahidə Şurasının 19 iyul 2023-cü il tarixli müvafiq qərarı ilə bağlı TƏBİB-in İcraçı direktorunun müvafiq əmrinə əsasən "Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası" publik hüquqi şəxs, "Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası" publik hüquqi şəxs, "Təcili Yardım Avtobazası" publik hüquqi şəxsin və eyni zamanda TƏBİB-in tabeliyində olan digər tibb müəssisələrinin təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının ştat vahidlərinin ləğv olunaraq mərhələli şəkildə yeni yaradılan "Respublika Təcili Tibbi və Təxirəsalınmaz Yardım Mərkəzi" publik hüquqi şəxsə birləşdirilməsi prosesinə başlanılıb.
FED.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, hazırda proses davam etdirilir.
Xatırladaq ki, Respublika Təcili Tibbi və Təxirəsalınmaz Yardım Mərkəzinin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin “vahid pəncərə” sistemi şəklində qurulmasıdır. (Trend)