“Azərbaycanda qida zəhərlənməsi 700 dəfə azaldılıb. Niyə gizlədilir statistika?!”
Deputat: “Dönərlə ayran 1 manat 50 qəpikdirsə, belə çıxır, ət pulsuzdur”
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.
“Ölkədə niyə bu qədər aptek var? Niyə bu qədər onkoloji xəstə var? Uzunömürlülük cədvəlində Azərbaycan 190 ölkədə arasında 115-dən geridədir. Niyə? Bütün bunlar istehlakçı hüquqlarının pozulması ilə bağlıdır. Heç bir səviyyədə bunların tədqiqatı getmir. Prezidentin yaşıl marketlər açılması ilə bağlı təklifi var idi, amma yerinə yetirilmədi. “Ekoloji təmiz kənd təsərrüfatı” haqqında qanunu ləğv edirlər. Bu, sizin də masanıza gəlib çıxacaq. Qanunu yerinə yetirə bilmirlər, belə olan halda qanunu nə üçün ləğv edirlər?!” - deyə AİB sədri vurğulayıb.
Komitə sədri Zahid Oruc isə bildirib ki, qanunun ləğvi ilə bağlı sənəd artıq Milli Məclisə daxil olub.