Naxçıvanda daha bir dönərxananın fəaliyyəti dayandırılıb.
Naxçıvanda 17 nəfər dönərdən zəhərləndi - DÖNƏRXANA BAĞLANDI
FED.az xəbər verir ki, 23.05.2025-ci il tarixdə Naxçıvan şəhəri Ə.Əliyev küçəsində yerləşən İsmayılov Məhəmməd İsmayıl oğluna məxsus “Alov dönər” dönərxanasında Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı aşkarlanmış nöqsanlarla bağlı dönərxananın fəaliyyəti məhdudlaşdırılmışdır. Sonradan sahibkarın müraciəti əsasında 30.05.2025-ci il tarixdə obyektə yenidən baxış keçirilmiş, nöqsanlar aradan qaldırıldığı üçün fəaliyyətinə icazə verilmişdir.
Lakin, 14.06.2025-ci il tarixdə aparılan monitorinqlər zamanı sözügedən dönərxanada əvvəlki tarixlərdə termiki emala məruz qalmış toyuq əti dönərinin dondurucuda saxlanılaraq satışının həyata keçirilməsi faktı aşkarlanıb. Bu kimi məhsulların insan həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmasını nəzərə alaraq faktla bağlı müvafiq tədbirlər görülmüş, şübhəli məhsulların toxunulmazlığı təmin edilmiş, nümunələr götürülərək laborator müayinələrə cəlb olunmuş və dönərxananın fəaliyyəti təkrar məhdudlaşdırılıb.
Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün dönərxanalar dəfələrlə maarifləndirilmiş və müvafiq göstərişlər verilmişdir. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlahkçı hüquqlarının müdafiəsi istiqamətində istirahət və bayram günləri də daxil olmaqla nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcəkdir.