“Həm ölkəmizdə, həm də dünyada sonsuzluq problemi getdikcə artır”.
Eləcə də bax: Dərman bazarında da dəyişikliklər olacaq - NAZİR AÇIQLADI
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Deputat təklif edib ki, sonsuzluqdan əziyyət çəkən ailənin süni mayalanma ilə bağlı bir dəfə xərci icbari tibbi sığorta çərçivəsində qarşılansın: “Sonsuzluğun müalicəsində istifadə olunan dərmanların da qiymətləri olduqca yüksəkdir. Çox xahiş edirik ki, müvafiq qurumlar bu məsələyə baxsınlar. Hər bir ailə üçün övlad sahibi olmaq önəmli məsələdir. İnsanlar bilir ki, tibbin imkanları onlara kömək edə bilər, ancaq pulsuzluğa görə bundan istifadə edə bilmirlər. Biz bunu icbari tibbi sığorta çərçivəsində qarşılaya bilsək, nə qədər boşanmaların qarşısını ala bilərik. “Reproduktiv sağlamlıq haqqında” qanunun da artıq qəbul olunmasına çox ciddi ehtiyac var”.
Deputat orqan transplantasiyası ilə bağlı problemə də toxunub: “Qardaş Türkiyə bu mexanizmi çox gözəl qurub. Sabah orqan çatışmazlığından əziyyət çəkən bizim ailəmizin üzvü ola bilər. Mən səhiyyə qurumlarını qəbul edilən qanunun tətbiqini həyata keçirməyə çağırıram”.
Q. Paşayeva dərmanların qiymətlərinin yüksək olması probleminə də toxunub: “Dərmanların əlçatan olması diqqətdə olmalıdır. Səhiyyə Nazirliyi, TƏBİB bu məsələni diqqətdə saxlasın. Omicron sürətlə yayılıb. Ən azından çox istifadə olunan vitaminlərin qiymətlərinə yenidən baxılsın”.