“Xəstəmiz, 1998-ci il təvəllüdlü Məmmədova Təbəssüm Rövşən qızı 17 gün reanimasiyada yatıb. Əgər bizim dərdimiz pul idisə, həmin günlərdə elə onu dövlət xəstəxanalarından birinə yönləndirə bilərdik. Bizim bütün tibbi heyət xəstələrimizə canla-başla xidmət göstərir”.
Eləcə də bax: Səhiyyə Nazirliyi evdə müalicənin detallarını - AÇIQLADI
FED.az xəbər verir ki, bunu 22 yaşlı pasiyent Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında Bona Dea Beynəlxalq Hospitalının Baş həkimi Cabir Gülmalıyev deyib.
O, xəstənin vəfatı ilə bağlı ailəsinə başsağlığı verib:
“Biz hətta bəzi nüasnları nəzərə alaraq anasının xəstəmizi ziyarətinə hər gün şərait yaratmışıq ki, xəstənin səhhətinin canlı şahidi olsun. Bəziləri iddia edirlər ki, guya xəstəmiz öldükdən sonra günlərlə morqda saxlanılıb və ailəsinə təhvil verilməyib. Bunlar hamısı yalandır və texniki baxımdan da mümkün deyil. Bizim bütün proseslərlə bağlı görüntülərimiz var. Xəstənin morqa aparılması, atasının morqa girişi və digər bütün qeydlər var. Bütün bunlar hamısı yayılan iddiaların əsassız olduğunu göstərir. İyunun 25-də xəstə vəfat etdikdən sonra bəzi prosedurlar var ki, onlar həyata keçirilməlidir. Sosial şəbəkələrdə yayılan videolar və məlumatlar biz cənazəni təhvil verdikdən sonra üzə çıxıb”, - baş həkim bildirib.
C.Gülmalıyev vurğulayıb ki, Təbəssüm Məmmədovanın anasına 30 min manat müqabilində meyitin verilməməsini deyən şəxsin olub-olmadığı araşdırılacaq. O bildirib ki, ilkin araşdırmalarda bu məqamla bağlı heç bir fakta rast gəlinməyib:
“Ancaq yenidən bu məqam araşdırılacaq. Həmin gün işdə olan personalla söhbət aparılacaq”.