“Son günlər dünyada və ölkəmizdə koronavirusla bağlı statistikanın bir əvvəlki günlə müqayisədə rekord qırması heç də yaxşı nəticə deyil. Bu sadəcə yoluxanların və xəstəlikdən əziyyət çəkən insanların çoxluğu mənasına gəlmir. Eyni zamanda, zaman içərisində yoluxan və sağalan xəstələrin arasında olan disbalansa bağlı olaraq xəstəxanalarda çarpayıların tükənməsinə, vəziyyət ağırlaşan zaman rahat bir şəkildə xəstəxanaya gedərək lazım olan oksigen terapiyası almaq istəyən xəstələrin çarəsiz vəziyyətə düşməsinə gətirib çıxaran hadisələrdir”.
Bu sözləri FED.az-a açıqlamasında Milli Məclisin Səhiyyəsinin komitəsinin üzvü, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov son günlər koronavirus xəstələrinin sayında müşahidə edilən artımla bağlı danışarkən deyib. Onun sözlərinə görə, hadisələrin gedişatını bu cür gördükdə hər bir insan, eləcə də səhiyyə eksperti olaraq bizlər çox narahat oluruq:
“Bunlar tək ölkəmizdə deyil, həm də dünya ölkələrində baş verən amillərdir. Ölkələrin milli səhiyyə sisteminin çökməsi bu gün inkişaf etmiş ölkələr, həm də digər ölkələr üçün yenə aktualdır. Belə bir zamanda cəmiyyətin hər bir üzvü daha çox həmrəy olub ağıl və məntiqin bizə diktə etdiyi reallıqlara uyğun olaraq addımlar atmalıdır. Bu məsələdə daha çox diqqətli olmalıyıq. Artıq Covid-19-un vermiş olduğu sosial, iqtisadi, mədəni zərərlər bir tərəfə qalsın, bunun həyatımız və sevdiklərimiz üçün çox böyük təhlükə olduğu göz qabağındadır. Bütün bunları görən hökumət və Operativ Qərargah xəstəxanada olan resursların tükənməyə getdiyini gördükləri zaman daha sərt tədbirlər almaq məcburiyyətində qalacaq. Bunu heç bir dövlət, hökumət və Operativ Qərargah arzulamır. Ancaq cəmiyyətdə aparılan müşahidələr nəticəsində onların bu məsələyə reaksiyasının adekvat olmadığı görüldükdə dövlətlərin və hökumətlərin əlində başqa yol qalmır. O zaman tədbirlərin sərtləşdirilməsi, hüquq və azadlıqlarımızın məhdudlaşdırılmasına gətirən məcburi qərarlar vermək reallığı ilə üz-üzə qalacağıq. Bu qədər sərt rejimlərə keçilməsini arzu etməyən bir vətəndaş olaraq cəmiyyətə müraciət edirəm ki, sərt rejimə keçilməməsinin əsas səbəbi cəmiyyətin bu hadisəyə toplu olaraq verəcəyi reaksiyadan ibarətdir. Yəni cəmiyyət karantin rejiminin diktə etdiyi reallıqlara heç bir sərt karantin rejimi olmadan öz həyat tərzlərini ona uyğun bir şəkildə ortaya qoymalıdır”.
Deputat qeyd edib ki, bu gün dünyada koronavirusla mübarizədə hökumətlərin tətbiq etdiyi bir neçə mərhələ var:
“Birinci hədəf epidemioloji olaraq bu xəstəliyin yoluxma sürətini azaltmaq və nəzarətdə saxlaya bilməkdir. Bu gün həm dünyada, həm də ölkəmizdə yoluxmanın sürətini əfsuslar olsun ki, karantin rejimindən asılı olmadan qarşısını almaq qeyri-mümkündür. Belə olan halda da dünya tibbində bilinən ikinci addım dövriyyəyə girir. Bu da xəstəliyə yoluxanlara nəzarət edə bilmiriksə, o zaman yoluxmuş insanların zamanında erkən müdaxiləsiylə birlikdə onların xəstəxanaya yatırılmasının qarşısını almağa nail ola bilməkdir. İkinci mərhələdə istifadə olunan metod ağırlaşmaların qabağını almaq üçün evdə ilkin tibbi xidmətin səviyyəsini daha üst səviyyəyə gətirməkdən ibarətdir. Bununla xəstəxanada çarpayıların tükənməsinin qarşısı alınır. Eləcə də xəstəxanaya düşmüş ağır xəstələrin miqdarı azalmaqla ölkənin bu yöndə istifadə etdiyi maliyyə resurslarının evdə olunan müalicəyə görə daha effektiv nəticələnməklə az itkiylə qarşılaşmaq ehtimalı var. Bu artıq bir çox dünya ölkələrində tətbiq olunur. Ölkəmizdə də hazırda koronavirusla mübarizədə Operativ Qərargah, eləcə də aidiyyatı qurumlar tərəfindən daha çox evdə müalicənin ciddi şəkildə təşkilinə yön vermək kimi hazırlıqlar gedir. İnanıram ki, bu istiqamətdə cəmiyyətin özünün də maariflənməsini yüksək səviyyəyə gətirməklə çətin yolda az itkilərlə uğur qazana bilərik. Bu gün dünyada və ölkəmizdə xaotik olaraq sürən vəziyyət odur ki, insanlar qorxu və stress içərisində bu xəstəliyin bir neçə mərhələsində istifadə olunan bütün dərman preaparatlarını ilk başdan istifadə olunması kimi bir tendensiya var. Əfsuslar olsun ki, səhiyyə işçiləri də bilmədən bunun bir parçasıdır. Bunlar əlbəttə ki faydadan çox zərər verə bilər. Bu gün ümumi olaraq hər bir insana göstərilən tibbi xidmət qədər vacib olan insanlara verilən tibbi maarifləndirmə işinin yüksək səviyyədə təşkil edilməsidir”.