Koronavirusa görə test aparmaq şəraiti olan istənilən özəl klinikaya bu imkan verilməlidir.
Eləcə də bax: Bakıda özəl klinikalarda koronavirus - TESTLƏRİNİN QİYMƏTLƏRİ
FED.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri testlərin aparılması ilə bağlı hər hansı qadağanın qoyulmasını düzgün saymır:
"Laboratoriyasında bu analizləri apara bilən istənilən özəl klinikaya koronavirusa görə test aparmaq imkanı verilməlidir. Bu məsələ ilə bağlı hər hansı qadağa, məhdudiyyət qoymaq başqa qeyri-qanuni əməllərin yaranmasına gətirib çıxarır. Əgər hər hansı sahədə sağlam rəqabət olarsa, orada şəffaflıq da olacaq. Rəqabət olmayan yerdə isə şəffaflıq da olmur, orada təqdim edilən xidmətlərin qiymətləri isə baha olur və narazılıqlar yaranır".
M.Quliyev qeyd edib ki, əslində, ölkədə COVİD-19-a görə test apara biləcək kifayət qədər özəl klinika var.
Onun sözlərinə görə, laboratoriya analizləri aparmaq üçün lisenziyası olan istənilən klinika bu testi edə bilər:
"Buna görə həmin klinikalara da bu testi aparmağa icazə vermək lazımdır. Məncə, indi bu qadağalara ehtiyac yoxdur. Bəlkə də ilkin vaxtlarda buna zərurət var idi. Çünki biz virusun xarakterini, davranışını bilmirdik. Amma indi bütün bu məsələlər aydın olub".