Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şamaxı regional bölməsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrası istiqamətində Kürdəmir rayonunda sanitar-gigiyena qaydalarına əməl etməyən obyekt sahiblərinə qarşı reydlər həyata keçirib.
Eləcə də bax: AQTA qida məhsulları idxal edən sahibkarlara - MÜRACİƏT ETDİ
FED.az xəbər verir ki, reyd zamanı rayon sakini Laçın Mehdiyevə məxsus "Günəşli" kafesinə baxış keçrilib. Nəticədə obyektdə sanitar-gigiyena qaydalarının pozulması halları aşkar olunub. Agentliyin əməkdaşları tərəfindən kafe sahibinə qarşı akt tərtib edilib və obyektin fəaliyyəti məhdudlaşdırılıb.
Bundan başqa, rayonun Karrar kənd sakini Firidun Ağayevə məxsus "Karrar" restoranına baxış keçrilib. Burada da analoji vəziyyət aşkar olunub. Obyektin sahibi barəsində akt tərtib edilərək restoranın fəaliyyəti dayandırılıb.
Reyd gün ərzində kafe, restoran, eləcə də ərzaq məhsullarının satıldığı marketlərdə davam etdirilib. Məqsəd COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə uyğun olaraq əhalinin sağlamlığının qorunması və onun törədə biləcəyi fəsadların qarşısının alınmasıdır.
Qeyd edək ki, AQTA-nın bu cür reydləri mütəmadi olaraq keçirməsi nəzərdə tutulub.