Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarında dəyişiklik edib.
Eləcə də bax: Sərt karantindən öncə rayona getmək istəyənlərin - NƏZƏRİNƏ!
FED.az “report”a istinadən xəbər verir ki, sənədə əsasən, qərarın adı dəyişdirilir.
Qərar “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları” adlandırılır.
Qərara əsasən, sənəd yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə şamil ediləcək.
Sənədə görə, koronavirusa yoluxmuş xəstələrlə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi qaydası da dəyişdirilib. Belə ki, həmin şəxslər mənzili (evi) tərk etməməlidir.
Bundan başqa, aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq tibbi müşahidə həyata keçirilir.
Evdə müalicə olunan koronavirus xəstələrinə telefonlarını söndürmək qadağan edilir.
Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilən və evdə müalicəsini davam etdirəcək şəxs təcrid müddətində mobil telefonunu işlək vəziyyətdə saxlamalıdır.
Qeyd olunub ki, evdə təcrid olunacaq şəxslərə telefonun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yeri tərk etməsinin mümkünlüyü barədə xəbərdarlıq ediləcək və onlardan bu barədə yazılı iltizam alınacaq.
Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilən şəxs iltizamı imzalamaqdan imtina etdikdə, bu barədə (ona qanunda nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edildiyi göstərilməklə) 2 (iki) nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi yoluxucu xəstəliyə tutulma faktı təsdiq edilən şəxsə verilir, digər nüsxəsi tibb müəssisəsində qalır.
Evdə qalan koronavirus xəstələrindən yazılı iltizam alınacaq.
Azərbaycanda koronavirusa yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat veriləcək.
Sənədə görə, 4.5-ci (Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs riayət etməli olduğu tələblər) bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yeri tərk etməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınacaq.
Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs iltizamı imzalamaqdan imtina etdikdə, bu barədə (ona qanunda nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edildiyi göstərilməklə) 2 (iki) nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi yoluxucu xəstəliyə tutulma faktı təsdiq edilmiş şəxsə verilir, digər nüsxəsi tibb müəssisəsində qalır.