"Gündəlik koronavirusa yoluxma rəqəmlərinin artmasının əsas səbəbi yaxın təmasdır".
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib.
Onun sözlərinə görə, “Omikron” ştamının bir nəfərdən digərinə keçməsi dəqiqələr çəkir: "Yeni ştam əsasən hava-damcı yolu ilə yayılır. Əvvəllər bildirirdik ki, virus əldən və s. keçə bilər. Düzdür, indi də bu öz aktuallığını qoruyur, amma adıçəkilən ştam əsasən üst-tənəffüs yollarında olur. “Omicron”dan qorunmaq üçün yaxın təmasdan qaçmaq lazımdır”.
F.Sədirov virusa yoluxmuş şəxsin 7 günlük təcriddən sonra ətrafındakıları hansı hallarda yoluxdura bilməsi məsələsinə də aydınlıq gətirib: “Əgər hazırda 10 nəfərdən 9-u 7 gündən sonra ətrafı yoluxdurmursa, biz 7 günü qəbul etməyə məcburuq. Onların arasında bir nəfər ola bilsin ki, 10 və ya 15-ci gününə qədər ətrafı yoluxdura bilər. Bununla bağlı əsas tövsiyələr bundan ibarətdir ki, heç bir şikayət olmadığı təqdirdə virus yükü 5 gündən sonra yoluxduruculuq qabiliyyətini itirir və 7 günə qədər qorunmaq lazımdır. Əgər şikayətlər davam edərsə belə 7 gündən sonra yoluxduruculuq qabiliyyəti çox aşağıdır. Belə olduqda çölə çıxa bilərsiniz, ancaq insanlarla məsafəni saxlamalı, maska taxmalısınız. Sizə sadəcə 7 gün qapanma məsləhət görülür. Çünki bundan sonra demək olar ki, yoluxdurmaq şansınız 0-a yaxınlaşır”.