Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreysus ölkələrin koronavirus infeksiyası səbəbi ilə tətbiq olunan məhdudlaşdırıcı tədbirləri hansı şərtlər altında aradan qaldıra biləcəyini açıqlayıb.
Eləcə də bax: Operativ Qərargah: "Karantin qaydaları sərtləşdirilə bilər" - VİDEO
FED.az xəbər verir ki, ÜST rəhbərinin fikrincə, səlahiyyətlilər virusun insandan insana ötürülməsi və xəstəliklə bağlı vəziyyətə nəzarət etdiklərinə əmin olmalı, səhiyyə sistemi isə COVID-19 ilə bağlı hər bir halı aşkarlamalı, test etdirməli, təcrid etməli və müalicə etməlidir.
Bundan əlavə, ÜST rəhbəri tibb müəssisələrində koronavirusun yoluxma riskini minimuma endirməyin, ictimai yerlərdə, o cümlədən iş yerlərində və məktəblərdə profilaktik tədbirlərin tətbiq edilməsinin zəruriliyini vurğulayıb.
“Virus çox sürətlə, yavaşlamadan daha sürətli yayılır. Buna görə məhdudlaşdırıcı tədbirlər yavaş-yavaş aradan qaldırılmalı və bu prosesə nəzarət edilməlidir. Bu, bir anda baş verməməlidir”, - T.A.Qebreysus bildirib.
O, həmçinin “gətirilən” infeksiya halları riskinin öhdəsindən gəlməyin zəruriliyini də qeyd edib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,925 milyonu ötüb. Bunların 452 178 nəfəri sağalıb, 119 718 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Report