Dünya ölkələrinin hökumətləri koronavirusun yayılması səbəbindən kütləvi tədbirləri təxirə salır.
FED.az xəbər verir ki, fevralın 29-da Fransada bütün ictimai tədbirlərin təxirə salınması elan olunub. Bunu ölkənin Sosial məsələlər və səhiyyə naziri Olivye Veran açıqlayıb. Bu, Yelisey Sarayında Prezident Emmanuel Makronun iştirakı ilə keçən təcili iclasdan sonra baş verib. Fransada təxirə salınan digər kütləvi tədbirlər arasında Paris yarımmarafonu, Kannda daşınmaz əmlak investisiyalarının sərgisi, Ansi şəhərində karnaval da var.
Oxşar addımı İsveçrə və Almaniya da atıb: Cenevrə avtosərgisi və Berlində dünyanın ən iri turizm sərgisi ləğv edilib. Gürcüstanda da bütün kütləvi tədbirlər təxirə salınıb. Bu barədə qərar ölkənin Baş Naziri Georgi Qaxariyanın sədrliyi ilə keçən şura iclasında qəbul olunub.
Yaponiyanın Baş Naziri Sindzo Abe yaxın iki həftə ərzində ölkədə keçirilməsi nəzərdə tutulan irimiqyaslı idman və mədəni tədbirləri təxirə salmağa çağırıb. Bundan əlavə, infeksiya səbəbindən imperator Naruhitonun yubileyi münasibəti ilə keçirilməsi planlaşdırılan bayram tədbirləri ləğv edilib. Daha əvvəl isə Yaponiya hökuməti hər il keçirilən Tokio marafonunun iştirakçılarının sayının azaldılmasına dair qərar qəbul etmişdi. Yarışmada həvəskar qaçışçılar öz güclərini sınaya bilməyəcək.
Qafqazinfo