Dünya yeni təhlükəli virusla üz-üzə qalıb. Artıq Çində koronavirus infeksiyalarına yoluxanların sayı 830-u, bu virus nəticəsində ölənlərin sayı isə 26-nı ötüb.
Eləcə də bax: Yeni virus Azərbaycanda da yayıla bilər - BAŞ İNFEKSİONİSTDƏN XƏBƏRDARLIQ
FED.az mılumat verir ki, koronavirusun qeydə alındığı Çinin Hubei əyalətində giriş-çıxışın məhdudlaşdırıldığı şəhərlərin sayı 9-a çatıb. Uhan şəhərindən sonra Eçjou, Xuanqan, Syantao, Çjiçzyan, Çyançzyan, Xuanşi, Enşi və Syannin şəhərlərinə də giriş-çıxış bağlanıb.
Ötən gün səhər saatlarından Uhan şəhərində ən ciddi karantin elan olunub. Uhanda metro işini dayandırıb, şəhərə sərnişin avtobusları buraxılmır, hava limanından və dəmiryol vağzallarından gediş-gəliş təxirə salınıb. Rəsmi dairələr xüsusi hallar olmadığı təqdirdə şəhərə getməyi tövsiyə etmir.
Qeyd edək ki, hazırda “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan həftədə iki dəfə (II və VII günləri) Çinin paytaxtı Pekin şəhərinə və iki dəfə (III və VII günləri) Quançjou şəhərinə uçuşlar yerinə yetirir. Bu səbəbdən virusun Azərbaycanda yayılma təhlükəsinin olub-olmamasını araşdırdıq.
Səhiyyə Nazirliyi: Ağır xəstələr üçün xüsusi palatalar var, bütün hazırlıq işləri aparılıb
Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin Sanitar epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib ki, hazırda Azərbaycanda sanitar-epidemioloji vəziyyət sabitdir və heç bir xəstəliyin alovlanması yoxdur: “Viruslarla bağlı təhlükə hər zaman və hər bir ölkə üçün var. Çünki sərhədlər açıqdır, gediş-gəliş də var, hər şey ola bilər. Sadəcə epidemioloji nəzarət sistemi yaxşı işləməlidir ki, bunun qarşısı alınsın. Bizdə bu sahədə həm təşkilati qurumlarımız, həm kadrlarımız, həm də laboratoriyalarımız var. Səhiyyəmiz buna hazırdır”.
V.Qasımov deyib ki, Səhiyyə naziri ötən ilin axırında bununla bağlı əmr verib, bütün hazırlıq işləri görülüb: “Qorxulu olan təkcə koronavirus deyil, digər viruslar da var. Bunlar hamısı oxşar viruslardır. Ağciyər Xəstəlikləri İnstitutunda ağır xəstələr üçün xüsusi palatalar var, bütün hazırlıq işləri aparılıb”.
V.Qasımov qeyd edib ki, hazırda ölkədə mövsümi xarakterli olan və bütün Avropa ölkələrində, o cümlədən də Azərbaycanda yayılan qrip virusudur. Koronavirusla bağlı isə ölkədə sakitlikdir.
Sektor müdiri viruslara yoluxmamaq üçün əhaliyə əlləri tez-tez yumağı, xəstələnən zaman həkimə müraciət etməyi, xəstə vəziyyətdə işə getməməyi, maskalardan istifadə etməyi məsləhət görüb.
Gömrük-sərhəd buraxılış məntəqələri gücləndirilmiş rejimdə fəaliyyət göstərir
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov isə APA-nın sorğusuna cavabında bildirib ki, insanlar üçün qlobal təhlükə törədən yoluxucu xəstəliklər, xüsusilə, son günlər Çin Xalq Respublikasının Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyinin aşkar edilməsi ilə əlaqədar gömrük-sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq işlər aparılır: “Gömrük-sərhəd buraxılış məntəqələrində öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı və s. simptomları olan fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər diaqnostik üsullarla tibbi-sanitariya yoxlaması gücləndirilmiş rejimdə həyata keçirilir.
Xəstə və xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün yerlər ayrılıb. Zəruri əşyalarla təmin edilən həmin yerlərdə xəstələrin müayinəsinə lazımi şərait yaradılıb. Həmçinin, nəqliyyat vasitələri üzərində dezinfeksiya tədbirlərinin aparılması da həyata keçirilir”.
N.Axundov deyib ki, eyni zamanda, fiziki şəxslərin hava nəqliyyatı vasitəsilə ölkəyə gəlişi zamanı Mülki Aviasiya Təşkilatı tərəfindən qəbul edilmiş və ekipajın müvafiq üzvləri tərəfindən imzalanmış hava gəmisinin "baş bəyannaməsi" sənədinin tibbi-sanitariya hissəsinə uyğun olaraq, müvafiq tibbi-sanitariya nəzarəti məsələlərinə dair məlumatların gömrük orqanına təqdim olunması tələb edilir: “Bundan başqa, Səhiyyə Nazirliyi, digər müvafiq dövlət qurumları, habelə şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərləri ilə məlumat mübadiləsi və digər zəruri qarşılıqlı fəaliyyətin təşkili üçün müəyyən edilən mütəmadi əlaqə mexanizmlərinə uyğun olaraq müvafiq işlər həyata keçirilir”.
Xatırladaq ki, Azərbaycanın Səhiyyə Nazirliyi bir neçə gün əvvəl Çində yeni yayılmış koronavirusun səbəb olduğu sətəlcəmin alovlanması ilə əlaqədar əhaliyə xəbərdarlıq edib. Xəbərdarlıqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və nazirlik beynəlxalq səfərlər və ticarət əlaqələri zamanı vətəndaşları diqqətli olmağa çağırıb:
“31 dekabr 2019-cu ildə Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. 9 yanvar tarixində Çin hökuməti mediaya bu viruslu sətəlcəmin indiyə qədər aşkar edilməmiş yeni bir koronavirus səbəbindən baş verdiyini bildirib. Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur. Sözügedən ərazidə baş qaldıran xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub. İlkin tədqiqatlar göstərir ki, xəstəlik insandan insana ötürülməyib. Sətəlcəmin səbəbi yeni koronavirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də naməlumdur.
Ona görə xəstəliyin baş qaldırdığı bölgələrə və ya bölgələrdən (hazırda Vuhan şəhəri) səfər edərkən kəskin respirator xəstəlik riskini aşağıdakı vasitələrlə azaltmaq məqsədəuyğun hesab edilir:
Kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq;
Əlləri mütəmadi yumaq, xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra;
Canlı və ya ölü ferma, yaxud da vəhşi heyvanlarla yaxın təmasdan çəkinmək;
Kəskin respirator infeksiyanın simptomlarını daşıyan sərnişinlər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamalı, əllərini yumalıdırlar”.
Apa