Almaniyada bir tibb işçisi Covid-19 peyvəndinin yan təsirləri olduğu iddiası ilə biotexnologiya şirkəti BioNTech-i məhkəməyə verib. Onun qaldırdığı iddia üzrə məhkəmənin ilk iclası sabah keçiriləcək.
Pfizerin rəhbəri: Xərçəngin müalicəsində - HƏDƏFƏ YAXINIQ
FED.az xəbər verir ki, Almaniyanın məxfilik qanununa əsasən anonimlik hüququndan istifadə edən orta yaşlı tibb işçisinin adından "Rogert & Ulbrich" hüquq şirkəti tərəfindən iddia qaldırılıb. İddia üzrə sabah Hamburq Məhkəməsində ilk iclas keçiriləcək.
Sözügedən tibb işçisi ürək ritminin pozulması, bədəninin yuxarı hissəsində ağrı, qol və ayaqlarda şişkinlik, yorğunluq, yuxu pozğunluğu və beyininin "dumanlı olması" (zehni yorğunluq və çaşqınlıq növü) kimi əlamətlər səbəbiylə bədəninə dəyən zərərə görə 150 min avro təzminat tələb edir. Tibb işçisi iddia edir ki, qeyd edilən problemlər peyvənd olunduqdan sonra ortaya çıxıb. İddiaçı, həmçinin müəyyən edilməmiş maddi ziyana görə kompensasiya tələb edib.
YÜZLƏRLƏR MƏHKƏMƏ İŞİ
Sözügedən iş, milyonlarla avro təzminat iddialarından biridir. Digər hüquq şirkəti "Casar-Preller" Covid-19 peyvəndlərinin iddia edilən yan təsirlərinə görə təzminat tələb edən müştərilər üçün təxminən 250 iddia qaldırdığını açıqlayıb.
Almaniyada tətbiq edilən 224 milyon vaksin dozasının təxminən dörddə üçü BioNTech tərəfindən istehsal edilib.
Covid-19 peyvəndlərinin yan təsirləri ilə bağlı oxşar iddialar İtaliyada da gündəmdədir.
Pfizer şirkəti ilə birlikdə inkişaf etdirdiyi peyvəndi Almaniyada bazara çıxaran BioNTech tərəfindən verilən açıqlamada, diqqətli müayinədən sonra sözügedən halların "əsassız" olduğuna və rədd ediləcəyinə əmin olduğu bildirilib.
Açıqlamada, Almaniyada ən azı 64 milyon insan da daxil olmaqla, dünyada təxminən 1,5 milyard insanın peyvənd edildiyi və bu günə qədər müvafiq məhsul məlumatlarında sadalananlardan başqa potensial yan təsirlərin aşkar edilmədiyi qeyd edilib. (Marja)