Hazırkı dövrdə koronavirus testlərinin dövlət qiymətinə özəl klinikalarda da təşkili zəruridir.
FED.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, eyni zamanda koronavirus testlərinin də həm çeşidini artırmaq, həm də dövlət qiymətinə özəl klinikalara vermək lazımdır ki, insanlarımız çox xərc və əziyyət çəkmədən sağlamlıq vəziyyətləri barədə məlumat ala bilsinlər:
“Başqa bir təklifim özəl klinikaların koronaviruslu xəstələrin müalicəsinə cəlb olunması ilə bağlıdır. İndi koronavirusla müharibə gedir, belə bir vəziyyətdə hər kəs əlini daşın altına qoymalıdır. Mübarizə prosesinə daha çox qurumlar, o cümlədən, vətəndaş cəmiyyəti və özəl sektor da yaxından cəlb olunmalıdır.
Hazırda bir nəfər koronaviruslu xəstənin stasionar müalicəsi ağırlıq vəziyyətindən asılı olaraq büdcəyə 100-150 manata başa gəlir. Həmin məbləği özəl klinikalara da köçürməklə və əlavə ödənişi xəstələrin hesabına həyata keçirməklə özəl xəstəxanaları koronavirusla mübarizəyə cəlb etmək həm faydalı olar, həm də stasionardakı yataq yerləri ilə bağlı gərginliyi xeyli yumşaltmaq mümkündür”.