Bu ilin ilk 6 ayı ərzində 43 aptekdə nöqsanlar aşkarlanıb.
FED.az xəbər verir ki, Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu ilin yanvar - iyun ayları ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi 166 aptekdə yoxlama keçirib:
"Yoxlanılan apteklərdən 43-də nöqsanlar aşkarlanıb. 2025-ci ilin birinci yarımilində apteklərdə keçirilən yoxlamalardan 76-sı Bakıda, 90-ı isə respublikanın digər şəhər və rayonlarında baş tutub.
Sözügedən dövr ərzində 20 aptekdə plandan kənar, 4-ündə isə yoxlamadan kənar yoxlamalar aparılıb. Apteklərin 159-da isə planlı yoxlamalar həyata keçirilib (bəzi apteklərdə həm plandan kənar, həm də planlı yoxlamalar keçirilib). Qeyd edək ki, bu ilin birinci yarımilində ən çox apteklərin yoxlanıldığı dövr 2025-ci ilin aprel ayı olub. Belə ki, Bakı şəhəri üzrə 13, respublikanın digər şəhər və rayonlarında isə 45 aptek olmaqla ümumilikdə 58 aptek təftiş olunub. Yoxlamalar zamanı 20 aptekdə nöqsanlar aşkarlanıb".
"Bu kimi yoxlamaların əsas məqsədi əczaçılıq müəssisələrinin müvafiq qanunvericiliyə və dərman dövriyyəsinə dair normativ sənədlərə uyğun fəaliyyət göstərməsini təmin etmək, eyni zamanda əhalinin dərman vasitələri ilə təhlükəsiz və keyfiyyətli şəkildə təmin olunmasını nəzarətdə saxlamaqdır.
Aşkarlanan nöqsanlara lisenziyasız fəaliyyət, dərman vasitələrinin düzgün saxlanılmaması, satışa buraxılması qadağan olunmuş preparatların aşkar edilməsi, sənədləşmədə pozuntular və ya əczaçı heyətin ixtisassız olması kimi hallar daxil olur. Qanunvericiliyə əsasən belə hallarda inzibati tədbirlər, xəbərdarlıqlar və ya cərimələr tətbiq olunur (İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.9, 221.10, 452.1 və 452.3-cü maddələri üzrə cərimə protokolları tərtib edilmişdir).
AEM vətəndaşlara tövsiyə edir:
Vətəndaşlar aptek təşkilatlarında və özəl tibb müəssisələrində qanunsuz fəaliyyət, şikayət və ya pozuntularla bağlı aşağıdakı vasitələrlə məlumat verə bilərlər:
• “Bir pəncərə” sektoru
• Qaynar xətt: (012) 596 05 20
• E-poçt: [email protected]
• Rəsmi sayt: www.pharma.az (“Müraciət” bölməsi)
Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurət olduqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir",- deyə məlumatda qeyd edilib (Trend)..