İcbari tibbi sığorta infeksion xəstəliklərin erkən diaqnostikasını təmin edir.
Ambulator müalicənin dərmanlarını da icbari tibbi sığorta qarşılayacaq
FED.az xəbər verir ki, bu xəstəliklər adətən patogen mikroorqanizmlərin, o cümlədən virus, bakteriya və göbələklərin orqanizmə daxil olması ilə inkişaf edir. Onlar bədəndə sürətlə yayılaraq müxtəlif orqan və toxumalara zərər verə bilər. İnfeksion xəstəliklər tənəffüs yollarından tutmuş həzm və qan dövranı sisteminə qədər geniş sahələrə təsir göstərə bilər.
Bu xəstəliklərin erkən mərhələdə aşkarlanması və vaxtında müalicəsi onların ağırlaşmasının və yayılmasının qarşısını almaqda mühüm rol oynayır, həmçinin epidemiya və pandemiya riskini azaldır.
İnfeksion xəstəliklərin diaqnostikasını dəqiq və etibarlı şəkildə aparmaq üçün isə bir neçə əsas metoddan istifadə olunur. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə bir sıra infeksion xəstəliklərin diaqnostikası üçün funksional diaqnostika və laborator müayiənələr daxildir. Bu müayinələr vasitəsilə infeksion xəstəliklərin dəqiq diaqnostikasını aparmaq, patogen mikroorqanizmləri müəyyən etmək, xəstəliyin yayılma mərhələsini dəyərləndirmək və bədənin immun cavabını öyrənmək mümkündür.
İcbari tibbi sığorta çərçivəsində bakterial, virus, göbələk və parazitar infeksiyaların aşkarlanması məqsədilə müxtəlif laborator müayinələr həyata keçirilir. Bu müayinələr xəstəliyə səbəb olan mikroorqanizmlərin növünü dəqiq şəkildə müəyyən edir. Məsələn, qanın, sidiyin, nəcisin və digər bədən mayelərinin analizləri xəstəliyin mənbəyini aydınlaşdırmaq və infeksiyanın necə yayıldığını müəyyən etmək üçün geniş istifadə olunur.
İnfeksion xəstəliklərin diaqnostikasında kompüter tomoqrafiyası (KT) və rentgen müayinələri mühüm yer tutur. Xüsusilə, tənəffüs yolları infeksiyalarında, bu metodlar ağciyərlərdə yaranan patologiyaların, o cümlədən pnevmoniya kimi ağırlaşmaların vaxtında aşkarlanmasına kömək edir. KT müayinəsi orqanların strukturunu detallı şəkildə göstərir, iltihabi proseslərin və digər xəstəlik əlamətlərinin dəqiq lokalizasiyasını təmin edir. Rentgen müayinəsi isə tənəffüs yollarının zədələnməsi dərəcəsini qiymətləndirmək və orqanizmdə inkişaf edən infeksiyaların təsirini aşkar etmək üçün geniş istifadə olunur. Bu diaqnostik vasitələr sayəsində dəqiq diaqnozun qoyulması müalicə prosesini sürətləndirməyə imkan yaradır.
İnfeksion xəstəliklərin aşkarlanmasında qanda antigen və antikor testləri vacib rol oynayır və geniş tətbiq olunur. İcbari tibbi sığorta hesabına qarşılanan bu testlər, xüsusilə Hepatit B, Hepatit C, İİV (İnsanın İmmunçatışmazlığı Virusu) və digər qan yolu ilə keçən infeksiyaların diaqnostikasında mühüm rol oynayır. Antigen testləri infeksiyaya səbəb olan mikroorqanizmlərin spesifik zülallarını aşkarlayaraq xəstəliyin mövcudluğunu təsdiqləyir. Antikor testləri isə orqanizmin həmin infeksiyaya qarşı yaratdığı immun cavabı müəyyən edir. Bu da xəstəliyin keçmişdə baş verdiyini və ya hazırda aktiv fazada olub-olmadığını göstərir.
İcbari tibbi sığorta ilə qarşılanan bu tibbi xidmətlər tibbi göstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin elmi-tədqiqаt institutlarında və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrində icra olunur.