Yanvarın 1-dən etibarən istifadə təlimatı Azərbaycan dilində olmayan və Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən təsdiqlənməmiş formada olan dərman vasitələrinin idxalına icazə verilməyəcək. Səhiyyə Nazirliyindən verilən xəbərə görə, Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin qiymətləndirilməsi prosesi ilə bağlı keçid dövrü artıq yekunlaşıb.
“Dərman vasitələri haqqında” Qanun və Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş “Dərman vasitələrinin dövlət qeydiyyatı və reyestrinin aparılması Qaydaları”na əsasən dərman vasitələrinin istifadəsinə aid təlimat Azərbaycan dilində olmalıdır.
Qeyd edək ki, bununla bağlı Səhiyyə Nazirliyi bir müddət öncə dərman vasitəsi idxalçıları və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəliklərinə xəbərdarlıq edib.