Sentyabrın 7-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) Baş katibi Yusif Həsən Xələvi ilə görüşüb.
AQTA-dan FED.az-a daxil olmuş məlumatda bildirilir ki, Qoşqar Təhməzli Baş katib Yusif Həsən Xələvini səmimi salamlayaraq, son dövrlərdə ölkəmizdə qida təhlükəsizliyinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, həmçinin bitki sağlamlığının təmin olunması ilə bağlı görülən işlər haqqında qonaqları məlumatlandırıb. Agentlik sədri qida təhlükəsizliyi sahəsində beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin daim genişləndiyini bildirib.
Baş katib Yusif Həsən Xələvi səmimi görüşə görə təşəkkürünü bildirərək, təchizat zənciri üzrə halal standartların tətbiqi və İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası tərəfindən bu sahənin rəqəmsallaşdırılması üzrə həyata keçirilən işlər barədə məlumat verib.
Yusif Həsən Xələvi İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Azərbaycanı regionda halal və təbii məhsulların mərkəzi kimi gördüyünü və Azərbaycanda cari ilin sonu bu istiqamətdə beynəlxalq forumun təşkil olunacağını diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.