İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının üç vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Eləcə də bax: İrandan Azərbaycana gələn daha üç nəfərdə - KORONAVİRUS AŞKARLANIB
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Onlardan biri, 1938-ci il təvəllüdlü vətəndaş İrandan qayıtdıqdan bir müddət sonra səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət edib. Müayinə zamanı onda pnevmoniya müəyyən edilib, laborator analiz isə koronavirus infeksiyasına yoluxma faktını təsdiqləyib. Hazırda pasiyentin vəziyyəti kafidir.
Digər iki şəxs – 1993-cü və 1994-cü il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan tələbələr İran-Azərbaycan sərhədini keçərkən karantinə alınıb və müayinə zamanı onlarda da koronavirus infeksiyası aşkarlanıb. Onların səhhəti normaldır, hərarətləri yoxdur, vəziyyətləri kafidir.
Xüsusi rejimli xəstəxanalara yerləşdirilən hər üç pasiyentin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Bununla, Azərbaycanda koronavirusa yoluxanların sayı 9-a çatıb.
Apa