“Ölkəmizin hər yerində olduğu kimi Şamaxı rayonunda da müvafiq profilaktiki tədbirlər həyata keçirilir”.
FED.az xəbər verir ki, bunu Şamaxı Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Təbriz Qəniyev deyib.
Eləcə də bax: Şamaxının icra başçısı - AÇIQLAMA VERDİ
O bildirib ki, bu tədbirlərdən biri də müəssisə və təşkilatların, eyni zamanda icra hakimiyyəti əməkdaşlarının testlərə cəlb edilməsidir: ”Bu testlər keçirilərkən, əməkdaşlarımızdan yalnız birində koronavirus infeksiyasına yoluxma qeydə alınıb. Həmin əməkdaşımız hazırda xüsusi karantin zonasında olan xəstəxanalardan birində yerləşdirilib. Digər əməkdaşlarımız isə sosial izolyasiya rejimində işlərini davam etdirirlər”.
T. Qəniyev qeyd edib ki, icra başçısı Tahir Məmmədov da digər əməkdaşlarla birlikdə koronavirus testindən keçib, testin nəticəsi neqativ çıxıb: “Ümumilikdə icra hakimiyyəti əməkdaşlarının, icra hakimiyyəti başçısının testinin nəticələri neqativ çıxıb və növbəti testlərdən də keçəcəyik. Hazırda bayram günləri olduğu üçün qeyri-iş günləridir. Amma testin nəticələri neqativ çıxdığı üçün biz işimizi davam etdirəcəyik”.
T.Qəniyev rayonda olan ümumi vəziyyətə də aydınlıq gətirib: “Rayonda vəziyyət stabildir. Rayonda da testlər mütəmadi olaraq keçirilir. İndiyə qədər rayon sakinlərindən 5 nəfərdə koronavirus infeksiyası aşkarlanıb”.
Qeyd edək ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan İbrahimov yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. Elxan İbrahimov xəstəxanaya yerləşdirilib.
Onun ailə üzvlərindən yaxma nümunəsi götürülüb.
Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalarına uyğun olaraq karantindədir.
Apa