İcbari Sığorta Agentliyi bu ilin əvvəlindən tətbiq edilən icbari sığorta ilə bağlı indiyədək açıq qalan məsələlərə aydınlıq gətirib.
FED.az xatırladır ki, bir neçə gün əvvəl Nazirlər Kabineti «İcbari tibbi sığortanın Xidmətlər Zərfi»ni təsdiqləyib.
Eləcə də bax: İcbari tibbi sığorta üzrə xidmətlər zərfi açıqlanıb - SİYAHI
Xidmətlər Zərfində hansı xidmətlər olacaq?
Xidmətlər Zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım üzrə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Bunlardan təcili və təxirəsalınmaz tibbi yardım üzrə 6, ilkin səhiyyə xidməti üzrə 35, ixtisaslaşdırılmış ambulator yardım üzrə 1265 və stasionar tibbi yardım üzrə 1244 xidmət təminata alınıb. Ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə medikamentoz və cərrahi müalicəsi icbari tibbi sığorta təminatına alınıb. Təminata alınmış əməliyyatlar sırasında sayı 150 xidmətdən çox olan həyati vacib-dəyəri yüksək olan əməliyyatlar da daxildir.
Vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər yalnız tibbi göstəriş olduğu hallarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisələrində və ya həmin müəssisələrin göndərişi əsasında göstəriləcək.