Azərbaycanda gələn ildən etibarən orqan transplantasiyası və süni mayalanmanın limitli şəkildə icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsi planlaşdırılır.
Bu barədə FED.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Həmin xidmətlərdən istifadənin tənzimlənməsi çox şəffaf şəkildə həyata keçiriləcək. Belə ki, müraciət edən şəxsin bu xidmətlərdən yararlanması üçün müəyyən şərtlər irəli sürüləcək. Hazırda qiymətləndirmələr üçün meyarlar hazırlanır. Bu xidmətlərdən yararlanmaq istəyən şəxsə dair məlumatlar meyarlara cavab verəcəksə, onda onun sənədləri qəbul olunacaq. O, həmçinin adını müraciət etdiyi xidmətdən yararlana biləcək şəxslərin siyahısında görə biləcək.
Bildirilib ki, xidmətlər zərfinə əlavələr zamanı əhalinin müraciətləri nəzərə alınır.
Qeyd edək ki, Mingəçevir, Yevlax və Ağdaşda icbari tibbi sığortanın pilot layihə kimi tətbiqi ilin sonunadək həyata keçiriləcək.