Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov onkoloji xəstəliyin müalicəsinin icbari tibbi sığorta çərçivəsində qarşılanmamasının səbəblərini açıqlayıb.
FED.az xəbər verir ki, komitənin bugünkü iclasında çıxış edən Ə.Əmiraslanov bildirib ki, onkoloji xəstəliklərin müalicəsi çox bahalı olduğundan bunu icbari tibbi sığorta qarşılaya bilmir.
O qeyd edib ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri ilə dəfələrlə müzakirə aparılıb:
“Lakin həmin xəstəliyin müalicəsi çox bahalıdır və icbari tibii sığorta bunun altına girə bilmir. Hər dəfə Azərbaycanda onkoloji xəstəliklərin müalicəsinə büdcədən ayrılan vəsaitin artırılması məsələsini qaldırıram. 10 ildir büdcədən onkologiyaya ayrılan vəsait 42 milyondur və artmır. Bu gün ölkədə böyük onkoloji klinikanın fəaliyyəti dayanmaq üzrədir. Çünki artıq oradakı avadanlıqların istifadə müddəti bitir. 10-15 ildir həmin avadanlıqlar dayanmadan işləyir. Amma büdcə müzakirələrində mən bu məsələni qaldıranda mənə deyirlər ki, dürüstləşmədə baxılacaq və s. Amma bu vəsait artmır. Digər tərəfdən büdcədən vəsaitin artması ilə bu problemin həlli mümkün deyil. Bunun həlli onkoloji xəstəliklərin də icbari tibbi sığorta vasitəsilə qarşılanmasıdır. Bu məsələ öz həllini tapmalıdır.
Tək bu xəstəlik də deyil. Bu gün başqa xəstəliklər var ki, icbari tibbi sığorta qarşılamır. Nəzərə almaq lazımdır ki, bu gün bir sıra xəstəlikləri icbari tibbi sığorta qarşılayır. Hətta orqan və toxuma köçürülməsinin bir hissəsini icbari tibbi sığorta çərçivəsində ödənilir. Bu da müsbət haldır. Biz növbəti dəfə agentliklə müzakirələrimiz zamanı insanları ən çox narahat edən sahələri müzakirə edəcəyik”.
Komitə sədri eyni zamanda əlavə edib ki, COVID-19 pandemiyası ilə bağlı Milli Məclisdə dinləmələr keçiriləcək:
“Koronavirus artıq sönməyə başlayıb, ancaq yenə də diqqətli olmaq lazımdır. Arxayınlaşmamalı və ehtiyatı əldən verməməliyik. Hesab edirəm ki, bu məsələ ilə bağlı dinləmələr keçirməyə ehtiyac var. COVID-19 ilə bağlı ölkədə olan vəziyyət və görülən tədbirlərə dair dinləmələrin keçirilməsi faydalı ola bilər”. (Report)