İcbari tibbi sığortanın tətbiq edildiyi 23 inzibati ərazidə 5 452 520 tibbi xidmət göstərilib.
Eləcə də bax: İcbari tibbi sığortanın tətbiqi eyni qrafiklə davam etdiriləcək - RƏSMİ
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən FED.az-a verilən məlumata görə, agentlik tərəfindən icbari tibbi sığorta 2020-ci il 1 yanvar tarixindən 23 inzibati ərazidə - Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Yevlax və Ağdaşda tətbiq edilir.
Bu ilin ilk 6 ayı ərzində sözügedən ərazilərdə tibb müəssisələrinə 1 040 093 nəfər, 1 934 293 müraciət etmişdir. Bu müraciətlər üzrə 5 452 520 tibbi xidmət göstərilmişdir.
Vətəndaşların ən çox müraciət etdikləri regionlar Mingəçevir (289 198), Yevlax (153 050), Zaqatala (137 906), Xaçmaz (133 270) və Şəkidir (123 253). Ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (1 274 694), Ağdaş (413 111), Yevlax (379 846), Quba (322 440) və Şəki rayon Mərkəzi Xəstəxanalarıdır (304 595).
Qeyd edək ki, Agentlik tərəfindən tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri (TƏB) yaradılmışdır. Hazırda icbari tibbi sığortanın tətbiqi 5 TƏB-i əhatə edir. TƏB üzrə müraciət sayına gəldikdə, ən çox Bərdə-Yevlax TƏB-ə müraciət edilib. Bərdə-Yevlax TƏB üzrə 531 413, Şəki-Zaqatala TƏB üzrə 511 642, Quba-Xaçmaz TƏB üzrə 379 225, Göyçay-Kürdəmir TƏB üzrə 270 448 və Dağlıq Şirvan TƏB üzrə 237 663 müraciət qeydə alınıb.
Müraciətlərin çoxu ümumi tibbi baxışla (61 398) bağlı olub. Ən çox müraciət edilən xəstəliklər sırasında yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası (43 222), essensial (birincili) hipertenziya (40 149), insulindən asılı olmayan şəkərli diabet (32 448), normal hamiləliyin gedişi üzərində müşahidə (22 060), diaqnozu müəyyən edilmiş, şikayəti olmayan şəxslərin ümumi tibbi baxışı və müayinəsi (21 269) və s. xəstəliklər yer alır.
Ümumilikdə 1205 həyati vacib-dəyəri yüksək olan əməliyyat həyata keçirilib. Bahalı əməliyyatlar arasında kardiologiya/ürək-damar cərrahiyyəsi (686), oftalmologiya (278), nevrologiya/neyrocərrahiyyə (87), urologiya (78) və travmatologiya (47) üzrə əməliyyatlar çoxluq təşkil edir. Qeyd edək ki, kardiologiya/ürək-damar cərrahiyyəsi üzrə həyata keçirilən əməliyyatlardan 35-i uşaqlar üzərində aparılıb.