Ötən il icbari tibbi sığortanın tətbiq olunduğu pilot ərazilərdə həkimə gəlişlərin sayı 1,4 milyon, evə yazılan xəstələrin sayı 23 min 888 nəfər təşkil edib.
Eləcə də bax: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi - İLLİK HESABATINI AÇIQLAYIB
FED.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2019-cu il üzrə fəaliyyətinə dair hesabatında qeyd olunub.
Hesabat dövründə cərrahi əməliyyatların sayı 10 min 060 təşkil edib. 2018-ci illə müqayisədə ötən il həkimə gəlişlərin sayında 26% artım müşahidə olunub.
Bundan başqa, 2016-cı illə müqayisədə 2019-cu ildə tənəffüs sistemi xəstəliklərində 44%, həzm sistemi xəstəliklərində 31%, qan dövranı sistemi xəstəliklərində isə 65% artım müşahidə olunub.
Tibb müəssisələrinin 2019-cu ildə stasionar fəaliyyətinin 26%-ni hamiləlik, doğuş və zahılıq dövrü, 17%-ni tənəffüs sistemi xəstəlikləri, 22%-ni isə digər xəstəliklər təşkil edib.