Tələb olunan tibbi xidmətlərin göstərilməsi tibb müəssisəsində mümkün olmadıqda həmin müəssisə bu xidmətləri göstərən digər tibb müəssisəsinə göndəriş verə bilər. Tibbi göndərişlərin digər dövlət tibb müəssisələrinə və ya agentliklə müqaviləli özəl mərkəzlərə edilməsi mümkündür. Göndəriş vərəqəsinin etibarlılıq müddəti 10 gündür.
FED.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Aynur Hüseynova İcbari tibbi sığorta çərçivəsində göndərişlərin hansı hallarda verildiyi barədə məlumat verib.
Göndəriş vərəqələrinin növlərindən danışan A.Hüseynova deyib: “Tibbi göstəriş olduğu halda vətəndaşa göndəriş vərəqəsinin iki növü - dar ixtisaslı həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin aparılması və stasionar tibbi xidmətin göstərilməsi üçün verilə bilər. Stasionar tibbi xidmətin göstərilməsi dövlət tibb müəssisəsində mümkün olmadığı halda icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi qaydasına uyğun olaraq özəl tibb müəssisəsinə göndəriş verilməsi mümkündür. Göndəriş vərəqəsi ilə tibb müəssisəsinə müraciət qaydasına gəlincə isə, vətəndaş müvafiq tibb müəssisəsinin qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsi və göndəriş vərəqəsi ilə birlikdə müraciət etməlidir. Göndəriş vərəqəsinin etibarlılıq müddətini keçmək olmaz. Vətəndaşlar qeyd olunan müddətdə xəstəxanalara müraciət edərək tibbi müayinədən keçə bilərlər”. (Azərtac)