ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) "Yeztugo" brendi altında satılan və ildə iki dəfə vurulan iynələr ilə 100% qorunma təklif edən ilk HİV dərmanını təsdiqləyib.
FED.az xəbər verir ki, Gilead şirkətinin məlumatına görə, bu, bütün dünyada milyonlarla insanın həyatını xilas edən əlamətdar nailiyyətdir. Hazırda HİV infeksiyasına hər il 1,3 milyon insan yoluxur.
"Yeztugo" vaksini virusun hüceyrələrə daxil olmasına imkan vermir və yoluxmanı tam bloklayır. Hər altı ayda bir inyeksiya qoruyucusuz (prezervativsiz) cinsi əlaqə zamanı belə qoruma təmin edir. Yan təsirləri azdır, effektivliyi klinik sınaqlarla təsdiqlənib.
İstehsalçılar ABŞ-da və kənarda dərmana əlverişli çıxışı təmin edirlər, artıq onu istehsal və tədarük etmək üçün altı lisenziya müqaviləsi imzalanıb.
"Yeztugo" lenakapavir (lenacapavir) kapsid inhibitorudur (capsid inhibitor). 2024-cü ildə “Science” jurnalı lenakapaviri "İlin İxtirası" adlandırıb.
QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) insanda HİV-infeksiyasının səbəb olduğu immunsisteminin zəifləməsi nəticəsində ortaya çıxan simptomların kombinasiyasını ifadə edir.
HİV və QİÇS dünyada milyonlarla insanı əhatə edən və immunitet sistemini zəiflədən ciddi, həyati təhlükəyə səbəb ola biləcək qədər şiddətli sağlamlıq problemidir. HİV bədənə daxil olduqdan sonra immunitet sisteminə hücum edir, insanın infeksiyalara və xəstəliklərə qarşı müdafiəsini zəiflədir. Bədənə daxil olan HİV vaxtında müalicə olunmazsa, daha da ağırlaşaraq QİÇS kimi tanınan daha ciddi xəstəliyə səbəb olur. QİÇS zamanı orqanizm hətta ən sadə infeksiyaların belə öhdəsindən gələ bilməyəcək qədər zəifləyir. (Marja)