Hər il Azərbaycandan minlərlə insan müalicə almaq üçün xarici ölkələrə səfər edir. Bu say ildən-ilə durmadan artır. Belə ki, təkcə 2025-ci ildə müalicə məqsədi ilə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 42,6 min nəfər olub. 2024-də bu rəqəm 38,9 min nəfər idi. Yəni bir ildə müalicə üçün xaricə gedənlərin sayı təxminə 10% artıb.
Ərzaq marketlərində mənfəət 1% ətrafındadır, komissiya xərcləri ciddi yükə çevrilib – MÜSAHİBƏ
Müalicə məqsədi ilə xaricə səfər edən vətəndaşların əksəriyyəti Türkiyəyə üz tutur. 2025-ci ildə müalicə üçün xarici ölkələrə gedən 42,6 min nəfərin 31,7 min nəfəri, yəni 75%-i Türkiyəyə gedib.
Türkiyəyə müalicə üçün gedənlərin sayının çox olması Türkiyədə fəaliyyət göstərən xəstəxanaların marağını daha çox cəlb edir. Onlar ya Azərbaycanda fəaliyyətə başlayır, ya da buradakı yerli xəstəxanalar ilə əməkdaşlıqlar edirlər.
Bu çərçivədə Türkiyənin məşhur xəstəxanalar şəbəkəsi olan “Acıbadəm Sağlamlıq Qrupu”nun Beynəlxalq Əlaqələr Direktoru İlyas Benveniste xəstəxanalar şəbəkəsinin Azərbaycanla bağlı planları, tibbi turizmdə Azərbaycanın payı və digər məsələlər barəsində FED.az biznes və maliyyə xəbərləri portalının suallarını cavablandırıb.

- İlyas bəy, "Acıbadəm Sağlamlıq Qrupu" bu yaxınlarda dünyanın ən yaxşı klinikaları sırasına daxil oldu. Bu uğurun sirri nədir?
- Bizim İdarə Heyətinin sədri Mehmet Əli Aydınlar sağlamlıqda mükəmməlliyi və hər zaman ən yaxşısını hədəfləyib. Mən təxminən 21 ildir ki, bu qrupdayam. Qrupun isə 35 yaşı var və bizim tək eşitdiyimiz mövzu sağlamlıqda mükəmməllikdir. Yəni biz sağlamlıqda ən son texnologiya, ən yaxşı modalite nədirsə, mütləq ən yaxşısını hər zaman Acıbadəmə qatmaq, əlavə etmək — həmişə bu hədəfdən yola çıxdıq. Məncə, bu mükəmməllik arzusu "Acıbadəm"i bu günlərə gətirdi.
- Azərbaycan bazarı "Acıbadəm Sağlamlıq Qrupu" üçün nə qədər önəmlidir? Yəni niyə məhz xüsusilə bu bazarı seçirsiniz?
- Birincisi, Azərbaycan Türkiyənin hər mənada önəmli bir tərəfdaşıdır. Biz həmişə "bir millət, iki dövlət" olaraq böyüdük. Yəni Azərbaycan Türkiyənin hər zaman bu coğrafiyadakı ən böyük tərəfdaşıdır. Ona görə də çox təbiidir ki, sağlamlıqda da eyni nöqtədəyik. Həmçinin mədəniyyət olaraq da yaxınıq, dil olaraq yaxınıq, tarixi keçmişimiz bir-birinə yaxındır. Bütün bunlar Azərbaycanı Türkiyə üçün ən önəmli tərəfdaşlardan biri edir.
- İlyas bəy, siz indi "Olimp Hospital" ilə əməkdaşlıq memorandumu imzaladınız. Hansı şərtlərə görə məhz "Olimp Hospital"ı seçdiniz? Yəni burada əsas seçim şərtləri nələrdir?
- Əslində, "Olimp Hospital" Azərbaycanın səhiyyə sektorunda öndə gələn tibb müəssisələrindən biridir. Burada çox yaxşı həkimlər çalışır. Bir az da tibbi proses bizi bura gətirdi. İki tərəfin həkimləri bir-birlərinin fərqində oldular və yaxşı olduqlarını, ən yaxşı olduqlarını təsbit etdilər. Biz rəhbərlərə də bunu taclandırmaq qaldı.
- "Acıbadəm Sağlamlıq Qrupu"nun Türkiyə bazarındakı payı nə qədərdir, bazarın nə qədər hissəsini tutur?
- Bunun tam faizini verməyim mümkün deyil. Çünki bu, daim dəyişən bir məlumatdır, ona görə buna bir şey deyə bilmərəm.
- Bildiyimiz kimi, bir çox ölkələrdən Türkiyəyə tibbi turizm üçün səfər edən insanlar var. "Acıbadəm Sağlamlıq Qrupu" ildə nə qədər bu qrupdan olan şəxslərə xidmət edir?
- Hər il tibbi turizm üçün "Acıbadəm Sağlamlıq Qrupu"na 50 mindən çox şəxs gəlir.
- Bəs Azərbaycandan tibbi turizm üçün sizi seçən şəxslərin sayı nə qədərdir?
- Hər il tibbi turizm üçün "Acıbadəm Sağlamlıq Qrupu"na gələn 50 mindən çox şəxsin təxminən 15%-i Azərbaycandan gəlir. Bu da, təxminən 7 min 500 - 8 min nəfər deməkdir.
- İlyas bəy, hazırda Azərbaycanda başqa xəstəxanalarla da görüşlər keçirirsinizmi?
- Hazırda dövlət sektorunda və hərbi sahədə bir sıra danışıqlar aparırıq. Özəl sektorda isə görüşlər keçirilmir.
- Gələcəkdə Azərbaycanda filial açmaq niyyətiniz varmı?
- "Acıbadəm Sağlamlıq Qrupu" ətraf coğrafiyalarda hər zaman investisiya qoymaqla maraqlanan bir qrupdur.
Çox gümandır ki, Azərbaycanda da mütləq bu investisiyalardan biri olacaqdır. Bunun zamanı, yeri, necə olacağı bəlli olmaz, amma inanıram ki, irəlidə Acıbadəm bir gün Azərbaycanda olacaqdır.
- Sizin xəstəxanalara müraciət edən azərbaycanlı xəstələr daha çox hansı xəstəliklərə görə müraciət edir?
- Çoxluqla Azərbaycandan onkoloji xəstələr müraciət edir.
- İlyas bəy, son sualım Azərbaycan bazarı ilə bağlı gözləntiləriniz barəsində olacaq. Bu bazarda hədəfləriniz nələrdir?
- Gözləntilərimiz hazırda etdiyimiz işbirliklərini genişləndirmək, şaxələndirmək, zənginləşdirmək və davamlılığını təmin etməkdir. Yəni biz burada doğru səhiyyə tərəfdaşları ilə bərabər yaxşı akademik mühitlər yaratmaq və bu məlumat paylaşımlarını, həkimlər arasındakı işbirliklərini daha da artırmaq istəyirik. Yəni hazırda etdiyimizi illər boyu etmək istəyirik





![Hər il Azərbaycandan minlərlə xərçəng xəstəsi Türkiyəyə müalicəyə gəlir - [red]MÜSAHİBƏ[/red] | FED.az](upload/news/small/4423265.jpeg)
![Hər il Azərbaycandan minlərlə xərçəng xəstəsi Türkiyəyə müalicəyə gəlir - [red]MÜSAHİBƏ[/red] | FED.az](upload/news/small/4547079.jpeg)









