“Dərman vasitələri icbari tibbi sığorta təminatına alınan zaman bir neçə meyar əsas götürülür. Əhalinin həmin dərman vasitələrinə maliyyə xərci nəzərə alınır, keçən ilin satışlarında ilk onluqda hansı dərmanların olduğu müəyyənləşdirilir”.
İcbari tibbi sığorta ilə apteklərdən dərmanlar reseptlə alınacaq
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev bildirib.
Pasiyentlərin dərmanları necə əldə edə biləcəklərinə gəldikdə şöbə müdiri bildirib ki, bu qərar bütün ölkə vətəndaşlarına şamil olunacaq. Vətəndaş həkimə müraciət edib və diaqnoz qoyulubsa, xəstəliyin müalicəsində istifadə olunan dərman vasitələri Xidmətlər Zərfinə və siyahıya uyğun olaraq veriləcək: “Dərmanlar elektron resept vasitəsilə təyin olunacaq. Dərman vasitələrini pasiyentlər Agentliklə müqavilə bağlanılan apteklərdən ala biləcəklər”.
O, həmçinin əlavə edib ki, eyni tərkibli dərman firma və apteklərdən asılı olaraq fərqli qiymətdə ola bilər: “Bu zaman apteklərdə sığorta tərəfindən ödənilən məbləğ ilə pərakəndə satış qiyməti eyni olan ən azı bir dərman vasitəsi mövcud olacaq və bu dərman vasitəsini sığorta tam qarşılayacaq. Dərman vasitəsinin aptekdəki qiyməti ilə sığorta tərəfindən ödənilən məbləğ arasında fərq yarandığı halda isə seçim pasiyentə veriləcək. Aradakı fərqi pasiyent özü ödəyərək istədiyi dərman vasitəsi ilə təmin oluna biləcək”.
Qeyd edək ki, ürək-damar, həzm və tənəffüs sistemi xəstəliklərinin müalicəsində istifadə olunan dərman vasitələrinin sığorta təminatına alınması nəzərdə tutulub.