İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 12756 nəfər tibb işçisinə, 3049 nəfər qeyri-tibb işçisinə iyul ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.
Eləcə də bax: ÜST koronavirus vaksininin təsdiqlənməsi üçün meyarları açıqlayıb
Agentlikdən FED.az-a verilən məlumata görə, Bakı şəhəri üzrə 21, respublikanın digər şəhər və rayonları üzrə 70 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə iyul ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 20 milyon manat müddətli əlavə ödənilib.
Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:
Tibbi profilaktik tədbirləri həyata keçirən 2676 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 2.3 milyon manat ödənilib.
Ay ərzində iş günlərinə/saatlarına mütənasib hesablama düsturu: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli
Agentliyin Maliyyə departamentinin rəhbəri Rasim Həsənov aşağıdakı nümunə ilə hesablamanı izah edir: “Xəstəxanada çalışan həkim laborantın 11-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 375 manatdır. Həkim laborant koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 432 manat 69 qəpik müddətli əlavə almalıdır. 432.69 = ((375 / 26) x 10)x 3. Qeyd edim ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.
Təcili tibbi yardım xidməti göstərən 3911 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 374 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 6.2 milyon manat ödənilib.
R.Həsənov aşağıdakı nümunə ilə hesablama qaydasını izah edir: “Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 15-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 440 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 120 saat işə cəlb olunubsa, deməli 1353 manat 85 qəpik müddətli əlavə almalıdır. 1353.85 = ((440 / 156) x 120) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.
Pasiyentlərə stasionar tibbi xidmət göstərən 5795 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 8.9 milyon manat ödənilib.
Maliyyə departamentinin rəhbərinin izahı: “Xəstəxanada çalışan həkimin 15-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 440 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 846 manat 15 qəpik müddətli əlavə almalıdır. 846.15 = ((440 / 26) x 10) x 5. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.
Onu da qeyd edək ki, 3049 nəfər qeyri-tibb işçisinə 3-5 misli məbləğində 2.6 milyon manat müddətli əlavə verilmişdir. Nümunə: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan xadimənin 3-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 271 manatdır. 5 günlük iş həftəsində çalışan xadimə koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 312 manat 69 qəpik müddətli əlavə almalıdır. 312.69 = ((271 / 26) x 10) x 3. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.
Məlumat üçün bildirək ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən avqust ayı üzrə də müddətli əlavələrin ödənilməsinə başlanılıb.