Azərbaycan Prezidentinin sərəncamına və Nazirlər Kabinetinin qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 11667 nəfər tibb işçisinə, 3029 nəfər qeyri-tibb işçisinə iyun ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.
Eləcə də bax: Bakıda koronavirusla mübarizə aparan tibb işçilərinin - MAAŞLARINDA ARTIM
Agentlikdən FED.az-a verilən məlumata görə, Bakı şəhəri üzrə 114, respublikanın digər şəhər və rayonları üzrə 104 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə iyun ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 18 milyon manat müddətli əlavə ödənilib.
Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:
Tibbi profilaktik tədbirləri həyata keçirən 2151 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 1.6 milyon manat ödənilib.
Ay ərzində iş günlərinə/saatlarına mütənasib hesablama düsturu: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli
Agentliyin Maliyyə departamentinin rəhbəri Rasim Həsənov aşağıdakı nümunə ilə hesablamanı izah edir: “Xəstəxanada çalışan feldşerin 9-cu dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 346 manatdır. Feldşer koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 15 gün işə cəlb olunubsa, deməli 648 manat 75 qəpik müddətli əlavə almalıdır. 648.75 = ((346 / 24) x 15) x 3. Qeyd edim ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.
Təcili tibbi yardım xidməti göstərən 4137 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 383 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 6.7 milyon manat ödənilib.
R.Həsənov aşağıdakı nümunə ilə hesablama qaydasını izah edir: “Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Feldşer koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 100 saat işə cəlb olunubsa, deməli 1127 manat 78 qəpik müddətli əlavə almalıdır. 1127.78 = ((406 / 144) x 100) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.
Pasiyentlərə stasionar tibbi xidmət göstərən 4996 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 7.1 milyon manat ödənilib.
Maliyyə departamentinin rəhbərinin izahı: “Xəstəxanada çalışan həkimin 15-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 440 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 916 manat 67 qəpik müddətli əlavə almalıdır. 916.67 = ((440 / 24) x 10) x 5. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.
Onu da qeyd edək ki, 3029 nəfər qeyri-tibb işçisinə 3-5 misli məbləğində 2.6 milyon manat müddətli əlavə verilmişdir. Nümunə: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan xadimənin 3-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 271 manatdır. 5 günlük iş həftəsində çalışan xadimə koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 338 manat 75 qəpik müddətli əlavə almalıdır. 338.75 = ((271 / 24) x 10) x 3. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.