Əgər xəstədə koronavirus xəstəliyinin gedişatına əlavə olaraq bakteriya qoşulubsa, antibiotik istifadə edilməlidir. Lakin bakterial infeksiya yoxdursa, antibiotik müalicəyə kömək etmir, bu, əksinə, orqanizmə ciddi zərər verə bilər.
Eləcə də bax: "COVİD-19-un müalicəsində antibiotiklərdən sərbəst istifadə yolverilməzdir" - Harmancı
FED.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin həkimi Aydın Əliyev deyib.
Onun sözlərinə görə, xəstəyə antibiotikin lazım olub-olmadığı müvafiq qan, yaxma və bəlğəm analizləri ilə təyin edilir. Bunlar olmazsa, yalnız ixtisaslaşmış həkim COVİD-19-un müalicəsi üçün antibiotikin lazım olub-olmadığını müəyyən edərək onu xəstəyə təyin edə bilər.
Həkim qeyd edib ki, yanaşı xəstəliyi olmayan yüngül COVİD-19 xəstələrinə sistem köçürmək lazım deyil, çünki bu xəstələr maye içə bilirlər:
"Hazırda əksər xəstələrin orqanizmi özlərinin və savadsız həkimlərin səhvləri ucbatından həm virusla, həm antibiotiklə, həm hormonal preparatlarla, həm hipervitaminozla, həm də lazımsız sistemlərlə mübarizə aparır! Lazımsız yerə orqanizmi bu qədər yükləyib məhv etməyin! Antibiotiklər çox ağır dərman preparatlarıdır! Deksametazon isə çox güclü hormonal preparatdır! Təəssüf ki, lazım olmadığı halda bu preparatlardan istifadə edib öz xəstəliyini ağırlaşdıran, hətta həyatını itirən çox insanlar var. Göstəriş olmadan bu dərmanları hər hansı formada qəbul etmək çox ciddi fəsadlara gətirib çıxarır! Özünüzü məhv etməyin!" (Trend)