Azərbaycan-Rusiya birgə müəssisəsi olan "Hayat pharm" 2018-ci ilin dekabr ayında istismara veriləcək. Bu barədə hökumətdən məlumat verilib.
"Dekabrda layihənin birinci mərhələsi olan “Dərman vasitələrinin qablaşdırılması” istehsal xətti istismara veriləcək", - deyə məlumatda bildirilir.
Müəssisənin təməli 2016-cı ilin noyabr ayında Pirallahı Sənaye Parkı ərazisində qoyulub. Zavodun illik istehsal gücü 22,5 mln. qablaşdırma və ya 500 mln. ədəd həb və kapsul təşkil edəcək. İlkin mərhələdə zavodda 89 adda dərman preparatları istehsal olunacaq.
“Hayat Pharm” şirkətinin təsisçiləri “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Vita-A” və Rusiya Federasiyasının “R-Pharm” şirkətidir. Zavodun investisiya dəyəri 74 mln. dollar təşkil edir.
İstehsal ediləcək məhsulların Gürcüstan, İran, Türkiyə, Almaniya, İsveçrə, Ukrayna və Mərkəzi Asiya bazarlarında satışının təşkili planlaşdırılır.
© “İnterfaks-Azərbaycan”