Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 33 C ünvanında yerləşən, "Narıncı Group" MMC-yə məxsus “Happy Day” adlı unlu və qənnadı məmulatlarının istehsalı sexində yoxlama həyata keçirib.
Eləcə də bax: İstehlak üçün yararsız 4,5 ton qaymaq - Aşkarlanıb
AQTA-dan FED.az-a verilən məlumata görə, keçirilən yoxlama zamanı sexdə havalandırma sistemi quraşdırılmadığı, xammal kimi istifadə olunan unun ələnmədiyi və emal olunmuş unlu-qənnadı məmulatların qablaşdırılmasının üzərində istehsalçının adı, ünvanı, məhsulun çəkisi və istehlakçı üçün zəruri olan digər məlumatların qeyd edilmədiyi, xammalların və qablaşdırma materiallarının müşayiətedici sənədlərinin olmadığı, işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədən çalışdığı aşkarlanıb.
Müəssisədə istehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.