Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölkənin koronavirusa qarşı mübarizə üzrə Qurumlararası Qərargahının iclasında bununla bağlı qərar qəbul edilib. Qərara əsasən, ölkədə avqustun 14-dən sentyabrın 4-nə qədər ictimai nəqliyyat işləməyəcək.
“Festival, konsert və idman yarışlarının keçirilməsi qadağan olunacaq. Beynəlxalq mərkəzlərdən başqa, uşaq əyləncə mərkəzlərinin fəaliyyətinə də icazə verilməyəcək. Restoran və kafelər isə axşam 23:00-a qədər işləyəcək”,- deyə məlumatda qeyd olunub.
Bundan əlavə, dövlət və özəl sektora əməkdaşlarını distant iş qaydasına keçirmək tövsiyə edilib.
Qeyd edək ki, avqustun 10-dan Gürcüstanda açıq havada maskadan istifadə məcburi olub.