«Bakı Tekstil Fabriki» MMC sabahdan maska istehsalına başlayır.
Bu barədə FED.az-a fabrikin icraçı direktoru Elçin Babayev məlumat verib.
O bildirib ki, ilkin istehsal olunan maskalar təmas episentrində olan həkimlər və xəstələr üçün nəzərdə tutulub: “İkinci etapda isə əhalinin təhlükəsizliyi və ölkənin gömrük postlarından keçən insanların maska ilə təmin olunması nəzərdə tutulur”.
Elçin Babayev hazırda satışların necə həyata keçiriləcəyinin əhəmiyyətli olmadığını da deyib: “Söhbət işin sosial tərəfindən gedir. Başlıca məqsəd insanlarımızın maska ilə təchiz olunmasıdadır. Doğrudur, şirkət işləyir, burada xammal alınır, makinalarda işçilər işləyir, əlbəttə bunların ödənişləri olmalıdır. Amma hazırda niyyət pul qazanmaq deyil, insanlara faydalı, yararlı ola bilməkdir”.
Direktorun sözlərinə görə, maskaların qiyməti ilə bağlı Prezident Aparatı və digər aidiyyəti orqanlar məlumat verəcək.
Elçin Babayev hazırda gündəlik istehsal həcminin 100-120 min ədəd nəzərdə tutulduğunu da diqqətə çatdırıb: “Amma 1-2 həftə sonra istehsalın həcmini 200 min ədəd qədər qaldırmağı düşünürük və eyni qayda da davam edəcəyik. İnşallah apteklərdə maskayla əlaqəli problem olmayacaq. Fabrikdə tibb işçiləri üçün nəzərdə tutulan geyimlərin üzərində də iş gedir. Həmin uniformaların və N95 maskaların da yaxın zamanlarda təqdimatı olacaq. Məhsullar tam distillə olunmuş və bakterolijidir”.